Azərbaycanda buza dırmanmaq üzrə beynəlxalq yarış keçirilir 15:58 06-02-2010
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq buza dırmanmaq idman növü üzrə beynəlxalq yarış keçirilir.
APA-nın şimal bürosunun xəbərinə görə, fevralın 5-dən 7-dək davam edən Açıq Azərbaycan Kubokunun yarışları Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrin üzərində təşkil olunub.
Yarışa Rusiya Federasiyası, Cənubi Koreya və Gürcüstan idmançıları ilə yanaşı, ilk dəfə olaraq Azərbaycan milli komandası da qatılıb. Federasiyanın vitse-prezidenti Sarvan Rəsulovun APA-nın şimal bürosuna bildirdiyinə görə, əsas məqsəd ölkəmizdə bu ekstremal idman növünü populyarlaşdırmaqdır.
Yarışlar iki mərhələdə təşkil olunub. Birinci mərhələdə idmançıların sürətli hərəkəti, ikinci mərhələdə isə çətin maneələrin dəf edilməsi əsas şərtdir. Azərbaycan bu yarışda 30 idmançı ilə təmsil olunur. Yarış iştirakçıları 25-30 metr hündürlüyündə buz qatı boyunca hərəkət etməklə qüvvələrini sınağa çəkəcək.
Fevralın 5-də və 6-da milli komandamız yüksək göstəricilərə nail olub. Qalib komanda fevralın 7-də müəyyənləşəcək.