Azad Rəhimov “Ən ədalətli idman işçisi” seçildi - FOTOLENT 12:35 09-02-2010
“Ən ədalətli idmançı” Elmar Qasımov hesab edilib
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Azərbaycanın Ədalətli Oyunlar Hərəkatında fəal iştirak edənlərin mükafatlandırılması mərasimi keçirilib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, tədbirdə MOK-un vitse-prezidenti Xəzər İsayev ayrı-ayrı nominasiyalar üzrə qaliblərin adlarını açıqlayıb.
“Ən ədalətli idman işçisi” adına gənclər və idman naziri Azad Rəhimov layiq görülüb. “Ən ədalətli mətbuat işçisi” Murad Fərzəliyev (“Olimpiya dünyası” qəzeti) seçilib.
“Ən ədalətli məşqçi” voleybol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev sayılıb. “Ən ədalətli hakim” güləş hakimi Hicran Şərifov olub. “Ən ədalətli idmançı” seçiminə gəldikdə, Xəzər İsayev bildirib ki, bu nominasiya üzrə Azərbaycan himnini İrəvanda səsləndirən cüdoçu Elmar Qasımovla yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov arasında rəqabət gedib. Sonda 1 səs üstünlüklə Elmar Qasımov birinci yeri tutub.
Daha sonra Ən Ədalətli Oyunlar Hərəkatına həsr olunmuş karikatura müsabiqəsində ilk üç yeri tutanların adları açıqlanıb. Günay Qasımova üçüncü, Leyla İbrahimova ikinci, Hafiz Yəhyayev isə birinci olub. Qaliblərə fəxri diplom və pul mükafatı verilib.