Rusiya prezidenti Dmitri Medvedev Ukraynanın Regionlar Partiyasının lideri Viktor Yanukoviçi prezident seçkilərində uğur qazanması münasibətilə təbrik edib.
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən bildiriblər.
Medvedev Yanukoviçlə telefon danışığı zamanı seçki kompaniyasının uğurla başa çatması, seçkilərdə əldə edilən uğurlarla bağlı təbrik edib. Bununla yanaşı, Rusiya prezidenti Yanukoviçlə danışıq zamanı “qələbə” sözünü işlətməyib. Mətbuat xidməti də Yanukoviçi nə prezident, nə də seçkilərin qalibi deyil, prezidentliyə namizəd adlandırıb.
Xatırladaq ki, bülletenlərin 99,97 faizi hesablanandan sonra Viktor Yanukoviç 48,95 faiz səs yığaraq 45,47 faiz səs toplayan Yuliya Timoşenkonu qabaqlayır. Amma Mərkəzi Seçki Komissiyası hələlik rəsmi nəticələri açıqlamayıb.