Arvadını və oğlunu öldürən şəxsin məhkəməsi başladı 15:53 15-03-2010
Martın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə arvadını və 1 yaşlı oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Akif Sədrinin cinayət işi üzrə məhkəmə baxışı martın 30-na təyin edilib.
İttihama görə, 2009-cu ilin sentyabrında Gəncə sakini, 1964-cü il təvəllüdlü Sədri Akif Əhməd oğlu yaşadığı mənzildə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Məmmədova İlhamə Əziz qızını və oğlu 2008-ci il təvəllüdlü Əli Sədrini öldürüb. Daha sonra o, polisə gələrək könüllü təslim olub.
A.Sədri ibtidai istintaqa ifadəsində hadisəni qısqanclıq zəmində törətdiyini etiraf edib. O, həyat yoldaşı İlhamənin pis yola getdiyini və oğlu Əli Sədrinin başqa kişidən olduğunu söyləyib.
Qeyd edək ki, A.Sədri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 228.4-cu (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi ilə ittiham olunur.