Nazir fənn proqramlarının müəllifləri ilə görüşdü 17:05 22-06-2010
Görüşdə fənn proqramlarının hazırlanması və dərslik siyasəti məsələləri müzakirə olunub
2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün 27 adda dərsliyin hazırlanması nəzərdə tutulur. Bu dərsliklər tender yolu ilə seçilmiş nəşriyyatlar tərəfindən çap olunacaq.
Lent.az-ın məlumatına görə, bu gün Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin fənn proqramları müəllifləri ilə keçirilən görüşdə nazir Misir Mərdanov belə deyib. Nazir qeyd edib ki, bu fənlər üzrə əsasən, 2000-2006-cı illərdə hazırlanmış tədris proqramlarının orta məktəb müəllimlərindən ibarət ekspert qrupları tərəfindən təhlil olunub. Ötən dövrdə həmin fənn proqramları əsasında hazırlanan və çap edilən dərsliklərin məzmununda daha çox proqramdan irəli gələn qüsurlara yol verilib.
Misir Mərdanov bəzən dərsliklərdə tədris olunan mövzuların müvafiq ardıcıllıqla verilməməsi, elmdə mübahisə doğuran məsələlərin yer alması, elmin yeni nailiyyətlərinin əksini tapmaması, iqtisadi həyatda baş verən dəyişikliklərin nəzərə alınmaması və mövzuların öyrənilməsinə ayrılmış saatların düzgün bölünməməyindən də söz açıb. Nazir bu kimi halların pedaqoji kollektivlərin haqlı narazılığına səbəb olduğunu da qeyd edib.
Təhsil naziri bütün bunları nəzərə alaraq 2011-2012-ci tədris ilinə hazırlanması və tender yolu ilə çapı nəzərdə tutulan 27 adda dərsliyin fənn proqramlarında orta məktəb müəllimlərinin rəyləri nəzərə alınmaqla dəyişikliklərin aparılmasının zəruriliyini bildirib. Bu istiqamətdə səmərəli nəticələrə nail olmaq üçün bir sıra təklif və tövsiyələrini səsləndirilib. Nazir yeni fənn proqramları hazırlandıqdan sonra onların müvafiq mütəxəssis və müəllimlərin iştirakı ilə müzakirə edilməsinin əhəmiyyətli olacağını vurğulayıb.
Görüşün sonunda mövzu ətrafında müzakirələr aparılıb, ümumtəhsil məktəblərinin fənn proqramları müəlliflərinin məsələ ilə bağlı fikirləri dinlənilib.