“Western Union” və “Moneygram”la pul köçürmələri bərpa edildi 10:18 13-08-2008
Azərbaycan Milli Bankı (AMB) ölkə ərazisində fəaliyyət göstərən banklara “Western Union” və “Moneygram” pul köçürmə sistemləri ilə işgüzar münasibətlərin bərpa edilməsinə icazə verib.
Lent.az-ın xəbərinə görə, bu barədə AMB-nin rəsmi saytında məlumat verilib. Bildirilir ki, bu il avqustu 14-dən Azərbaycanda fəaliyyət göstərən banklar sözügedən pul köçürmə sistemlərindən yararlana biləcək.
Qeyd edək ki, AMB ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə pul köçürmə sistemlərinin monitorinqini həyata keçirən zaman Azərbaycanın işğal altında olan ərazilərində bir sıra pul köçürmə sistemləri, o cümlədən “Contact”, “Western Union”, “Zolotaya Korona–Denejnıe Perevodı”, “Moneygram”, «”Migom”, “Privat Money”, “Lider” sistemləri vasitəsi ilə pul köçürmələrinin həyata keçirildiyini müəyyən edib. Həmçinin bu pul köçürmə sistemlərinin rəsmi internet səhifələrində Azərbaycanın əraziləri təhrif olunmuş qaydada təqdim edilib, bəzi yaşayış məntəqələrinin adı isə düzgün yazılmayıb. Bu ərazilərdə AMB-nin lisenziyası olmadan fəaliyyət göstərən qurumlar vasitəsilə pulköçürmə əməliyyatlarının həyata keçirilməsi kimi qanunvericilik pozuntusu halları da aşkar olunub. Aşkar olunmuş faktlarla bağlı bu pul köçürmə sistemlərinə qarşı müvafiq tələblər irəli sürülüb, qanunsuz fəaliyyətin həyata keçirilməsinin dayandırılması tələb edilib, həmçinin onların nəzarət orqanlarına xəbərdarlıq olunub. Nəticədə pul köçürmə sistemlərinin əksəriyyəti Azərbaycan ərazisində qanunsuz fəaliyyətini dayandırıb, burada pul köçürmələrini icra edən qurumlar ilə işgüzar münasibətlərə xitam verib və belə halların gələcəkdə davam etməyəcəyi barədə öhdəlik götürüb.
Bununla belə, “Western Union” və “Moneygram” pul köçürmə sistemləri tərəfindən işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətin davam etdirilməsini nəzərə alaraq, AMB iyulun 30-dan Azərbaycanda fəaliyyət göstərən banklara bu sistemlərlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.
Bu il avqustun 7-də Azərbaycana səfər edən “Western Union” kampaniyasının vitse-prezidenti Conatan Knausun başçılıq etdiyi nümayəndə heyəti Milli Bankda qəbul edilib. Qəbulda Milli Bankın iradları nümayəndə heyətinin nəzərinə çatdırılıb, işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətin yolverilməzliyi bir daha bildirilib və bütövlükdə belə halların aradan qaldırılması birmənalı şəkildə tələb olunub. “Western Union” kampaniyası tərəfindən Milli Bankın tələbləri qeyd-şərtsiz qəbul edilib, işğal altında olan ərazilərdə qanunsuz olaraq fəaliyyət göstərən qurumlarla işgüzar münasibətlərə xitam verildiyi bildirilib. “Western Union” pul köçürmə sisteminin gələcəkdə bir daha belə hallara yol verməməsi barədə öhdəlik götürməsi ali menecment səviyyəsində bəyan edilib.
“Moneygram” kampaniyası da irəli sürülən tələbləri tam yerinə yetirib, Azərbaycan Respublikasının ərazisində öz fəaliyyətinin qanunvericiliyə və beynəlxalq prinsiplərə uyğun şəkildə həyata keçirilməsi şərtini qəbul etmiş və gələcəkdə belə hallara yol verilməməsi barədə üzərinə rəsmi öhdəlik götürüb. Bütüm bunları nəzərə alan AMB Azərbaycan banklarına bu sistemlər vasitəsilə pul köçürmə əməliyyatları həyata keçirməyə icazə verib. AMB öz səlahiyyətləri çərçivəsində sağlam maliyyə vasitəçiliyinin təmin olunması üzrə ardıcıl tədbirləri bundan sonra da davam etdirəcəyini bəyan edib.