İngiltərəli ekspert: “Minsk Qrupu problemlə dərindən maraqlanmır” 08:27 25-09-2008
Ziba Normanın fikrincə, Ermənistanla Azərbaycan arasında vasitəçilik məsələsində Türkiyənin üzərinə böyük məsuliyyət düşür
Londonda fəaliyyət göstərən Transatlantik Elmi Araşdırmalar İnstitutunun direktoru Ziba Norman bu gün Bakıda mətbuat konfransı keçirib.
Lent.az-ın məlumatına görə, xanım Norman deyib ki, Cənubi Qafqazdakı dondurulmuş münaqişələr hər an silahlı müharibəyə keçə bilər: “Bu yay baş verən hadisələrin qarşısını almaq üçün ABŞ və digər Qərb dövlətlərində iradə olmalıdır. Təəssüf ki, onlar indiyədək bu münaqişələri ciddi qəbul etməyib. Bu isə məsələn, Gürcüstanın indiyədək NATO-ya üzv olmamasının səbəbi olub”.
Normanın fikrincə, qan tökülməyincə dünyada Qafqaz haqqında danışmırlar. O deyib ki, Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiyaya öz maraqlarını yeritmək üçün “soyuq müharibə” variantından əl çəkməyəcək. İnstitut direktoru ona etibarlı mənbələrdən daxil olan məlumatlara istinadən bildirib ki, Rusiya İranda hərbi bazalarının yerləşdirilməsini istəyir. Hətta bununla bağlı İran tərəfə “siqnal” da göndərilib.
Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən Z. Norman deyib ki, bu konfliktin Gürcüstandakı hadisələrə çevrilməməsi üçün Ermənistana həm daxildən, həm də xaricdən təzyiqlər olacaq. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında vasitəçilik məsələsində Türkiyənin üzərinə böyük məsuliyyət düşür. Norman deyib ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli üçün imkanlar axtarsa da, problemlə dərindən maraqlanmır: “Minsk Qrupuna daxil olan dövlətlərin hərəsi ayrı məsələlər barədə düşünür. Məsələn, ABŞ-ı İran və Əfqanıstan daha çox maraqlandırır”.
Türkiyənin münaqişə tərəfləri ilə qonşu dövlətlər olduğunu deyən Norman bildirib ki, əgər rəsmi Ankara bu işə qol qoysa, bu, Azərbaycanın xeyrinə olar. O əlavə edib ki, Gürcüstanda son baş verən hadisələrin Azərbaycana xeyri olacaq.