<b>“Yanıb külə dönəcəkdik, canımızı götürüb qaçdıq”</b> - <span style="color:red;">REPORTAJ
06 yanvar 2016 18:00 (UTC +04:00)

“Yanıb külə dönəcəkdik, canımızı götürüb qaçdıq” - REPORTAJ

Onlar həyatlarında ikinci dəfə qışın şaxtasında evsiz-eşiksiz qaldılar. İlk dəfə 1992-ci  fevralın 26-da. İkinci dəfə dünən, yanvarın 5-də.

 

Söhbət Buzovnadakı “Çiçək” düşərgəsində yerləşdirilmiş məcburi köçkünlərdən gedir. Düşərgənin əsas sakinləri Xocalıdan olanlardır.

 

Evin damına bitişik elektrik dirəyində qısa qapanma olub. Dünən səhər saatlarında qəfil baş vermiş yanğın iki ailəni küçədə qoyub. Tam 24 il əvvəlki kimi. Ancaq üst geyimlərində yanğından canlarını qurtaran sakinlər iki gündür yanvarın soyuğunda evlərindən olublar.

 

Yanğın səhər 8-ə işləmiş başlayıb. İlham Quliyevin sözlərinə görə, yuxudan qonşuların qışqırığına oyanıblar.

 

- Qonşuların səsinə oyandım ki, evi tüstü bürüyüb. 3 otaqlı evdə anam, 2 bacım və mən qalırdım. Anamın 80 yaşı var. Əvvəl onu çıxartdım, sonra bacılarımı. Çölə çıxdıq, bir göz qırpımında evin damında başlamış alov bütün evi bürüdü. Motoru vurduq ki, bəlkə yanğını söndürə bildik. Mümkün olmadı. Heç 10 dəqiqə çəkmədi ki, ev əşyaları ilə birgə  külə döndü.

 

İ. Quliyevin 45 yaşı var. Əslən Xankəndinin Kərkicahan qəsəbəsindəndilər. Qardaşı Quliyev İslam Ağdərə döyüşlərində şəhid olub. Ailə 92-ci ildən burada yaşayırlar. Bakıya gələndə onun 21 yaşı olub. Nişanlıdır. Bu yaxınlarda toyunu edəcəkmiş. Bu günə qədər yığıb topladığı pullar isə gələcək arzuları ilə birgə dünənki yanğında külə dönüb.

 

Bu gün toy həvəsində deyil. Öhdəliyində olan yaşlı anası və bacılarını düşünməlidir. Bacıları və özü soyuğu bir təhər ötürsələr də, ahıl anası Quliyeva Fənar çətin qışı küçədə keçirə bilə.

 

Yanğında zərər görmüş digər ailə isə Rzayevlərdir. Rzayeva Validə, qızı, oğlu, gəlini və 2 azyaşlı nəvəsiylə 24 ildi bu evdə yaşayırdılar. Ancaq üst geyimləri geyinib, evdən canlarını götürüb çıxıblar. Bu gecəni ailə küçədə keçirib. Bundan sonra nə olacaq, necə olacaq, heç özləri də bilmirlər. Yanğın baş verəndən bəri bir neçə rəsmi qurumdan gəlib-gedən olsa da, onlara konkret bir söz deyilməyib. Xocalı rayon İcra Hakimiyyətindən onlara Goranboya köçməyi təklif etsələr də, sakinlər imtina ediblər. 24 ildir Buzovnada bir təhər özlərinə gün-güzəran etmiş sakinlər isə rayonlara getmək istəmirlər. Bu istəklərini onlar iş və uşaqların məktəbi ilə əlaqələndirirlər.

 

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovun sözlərinə görə, hazırda komitənin balansında boş mənzil yoxdu: “Xocalı və Xəzər rayonlarının İcra Hakimiyyətlərinin əməkdaşları ilə müzakirələr aparılır. Komitə əməkdaşları da hadisə yerinə olub, evləri yanmış sakinlərlə görüşüblər. Regionlardakı qəsəbələrimizdə hazır mənzillər var. Biz həmin sakinlərə o mənzillərdən təklif edirik”.

 

- Müvəqqəti sığınacaqla təmin olunacaqlar?

 

- Bu haqda heç nə deyə bilmərəm.

 

Görünən budur ki, ikisi azyaşlı olmaqla 10 adam bu gecəni də soyuqda-düşərgənin həyətində qurduqları çadırda gecələyəcəklər. Bu, nə qədər davam edəcək? Allaha qalıb.

# 268
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar