3 xəstəxana hazır vəziyyətdə, 300 nəfərdən analiz götürülüb
11 yanvar 2016 17:51 (UTC +04:00)

3 xəstəxana hazır vəziyyətdə, 300 nəfərdən analiz götürülüb

Azərbaycan üçün “donuz qripi” (H1N1) təhlükəsi yenidən reallaşıb. Qonşu ölkələrin əksəriyyətində xəstəliyə yoluxma və ölüm hallarının olması təhlükənin hər an ölkəyə daxil olmasını mümkün edir. Ermənistanda artıq “donuz qripi" virusu ilə bağlı altıncı ölüm faktı qeydə alınıb. Təhlükə azərbaycanlıların daha çox getdiyi Türkiyə və İranda da geniş yayılıb. Bu il Türkiyədə “donuz qripi”ndən ölənlərin sayı 16-ya çatıb. Son 2 gündə ölkənin 35 vətəndaşında bu xəstəlik aşkar edilib, onlardan 5-i dünyasını dəyişib. İranda isə "donuz qripi"ndən təxminən 40 nəfər ölüb.

 

Hələlik Azərbaycanın səhiyyə qurumları ölkədə “donuz qripi” aşkar olunmadığını bildirsələr də, bu gün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun həyat yoldaşı Sevil Talıbovanın "donuz qripi"nə yoluxma təhlükəsi ilə əlaqədar təcili Türkiyəyə aparılması barədə xəbər yayılıb.

 

Məlumata görə, Sevil Talıbovanın yerləşdirildiyi yerli xəstəxanada səhhəti daha da ağırlaşıb. Talıbovanın ailəsi Türkiyə Səhiyyə Nazirliyindən yardım istəyib. Türkiyədən gələn həkimlərin ilkin müdaxiləsindən sonra xəstə ECMO adlanan cihaza qoşulub. Həmin cihazdan ağciyərlər funksiyasını yerinə yetirmədikdə və ya ürək fəaliyyəti dayandığı halda istifadə edilir. S.Talıbova helikopter ilə İbn Sina Xəstəxanasına götürülüb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən cavaba görə, bununla əlaqədar nazirlikdə heç bir məlumat yoxdur: “Bu məlumat heç kim tərəfindən təsdiqlənmir”.

 

Taun Əleyhinə Stansiya: “300 nəfərdən analiz götürülüb”

 

“Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasına daxil olan müraciətlər əsasən mövsümi qriplərlə bağlıdır”. Stansiyanın direktoru Rakif Abdullayev isə Lent.az-a açıqlamasında bildirib ki, “donuz qripi” təhlükəsi yayılmağa başlayandan müxtəlif xəstəxanalarda şübhəli bilinən xəstələr Taun Əleyhinə Stansiyaya göndərilib: “Ümumilikdə 300 nəfərdən mazok analizi götürülüb. Onlardan təxminən 50-60 nəfəri 37-38 dərəcə yüksək hərarətlə müraciət edənlər olub. Bunlar da mövsümi qrip kimi yoxlanılıb və heç bir şübhəli hal olmadan cavabın mənfi olması ilə bağlı məlumat verilib”.

 

 

3 xəstəxanada xüsusi palatalar hazırlanıb

 

Respublikanın 3 xəstəxanasında “donuz qripi” üçün xüsusi palatalar tam hazır vəziyyətdədir. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov deyib. V. Qasımovun sözlərinə görə, Azərbaycan səhiyyəsi donuz qripinə ( H1N1 virusu) qarşı profilaktik tədbirlər görməyə tam hazır vəziyyətdədir: “Ölkə ərazisində hələlik “donuz qripi” ilə bağlı heç bir şübhəli hala rast gəlinməyib. Əgər hər hansı şübhəli hal aşkarlansa, həmin şəxsin yerləşdirilməsi üçün müvafiq palatalar mövcuddur. Bu palatalar Ağciyər Xəstəlikləri İnstitutu, 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanası və Kliniki Tibbi Mərkəzdə yaradılıb. Həmin palatalarda hətta süni ventilyasiya da təşkil edilib ki, lazım olarsa, istifadə edilsin. Biz həmin palatalara əsasən ağır əziyyətdə olan xəstələri yerləşdiririk. Bəzən “donuz qripi” çox yüngül formada da keçirilə bilər”.

 

Nazirlik rəsmisi əlavə edib ki, “donuz qripi” əleyhinə müalicənin aparılması üçün ölkədə kifayət qədər dərman ehtiyatı var.

 

DİQQƏT: “donuz qripi”nin əsas əlamətləri

 

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, infeksionist Vüqar Cavadzadənin Lent.az-a verdiyi məlumata görə, A seroqrupa daxil olan H1N1 virusu hava-damcı yolu ilə yayılır: “Yəni bu virus əsasən asqırma, öskürmə zamanı bir şəxsdən digər şəxsə yoluxur. Bu halda viruslar digər şəxsin burun boşluğuna, yaxud da gözünə düşərsə, yoluxma baş verə bilər. Yoluxmadan təqribən 3-5 gün sonra isə xəstəliyin ilkin əlamətləri başlayır. Yoluxdurma dövrü 7-8 gün davam edir. Xəstəliyin ağır forması 8-9 gün davam edə bilər”.

 

V. Cavadzadə deyib ki, “donuz qripi”ə yoluxma zamanı ilkin olaraq hərarət, quru öskürək, başda və əzələlərdə ağrıların olması, ümumi zəiflik, ürəkbulanma, qusma, bəzi hallarda ishal da müşahidə edilə bilər, ancaq ishal çox az hallarda müşahidə edilir. Xəstəliyin ağır hallarında pnevmaniya, el arasında deyildiyi kimi, sətəlcəm inkişaf edir, bu da kəskin ağciyər çatışmazlığı ilə nəticələnir.

 

“Donuz qripi”ndən necə qorunmaq olar?

 

İnsanların çox toplaşdığı yerlərin xəstəliyə yoluxma baxımından daha riskli olduğunu qeyd edən həkim-infeksionist H1N1 virusundan qorunmaq üçün əhaliyə çağırış da edib:

 

“Qorunmaq üçün əsasən gigiyenik qaydalara əməl etmək lazımdır. Yəni əllər hər zaman təmiz olmalı, tez-tez yuyulmalıdır. Xəstəlik şübhəsi olan şəxslərdən müəyyən qədər uzaq durmaq lazımdır. Bundan başqa, bədən müqavimətini artıran dərman preparatları, yəni vitaminlər qəbul etmək lazımdır. “Donuz qripi” üçün son illər tətbiq edilən virus əleyhinə dərman preparatlarının istifadəsi məqsədəuyğun olardı”.

 

Qeyd edək ki, “donuz qripi” Azərbaycana ilk dəfə 2009-cu ildə “gəlib”. Həmin ilin iyul ayında xəstəliyə ilk iki yoluxma faktı qeydə alınıb. Həmin il noyabrın 4-də isə Azərbaycanda Ukraynadan gəlmiş Kürdəmir sakinində virusa yoluxma aşkar olunub. Səhiyyə Nazirliyi tərəfindən noyabrın 5-də daha 2 yoluxma faktının, noyabrın 9-da 8, noyabrın 11-də isə 1 yoluxmanın olduğu təsdiqlənib. 

# 281
avatar

Fərizə Əhmədova

Oxşar yazılar