3 manata kənd toyuğu, 50 qəpiyə kartof - BAZARLIQ REPORTAJI
06 fevral 2016 13:20 (UTC +04:00)

3 manata kənd toyuğu, 50 qəpiyə kartof - BAZARLIQ REPORTAJI

Ötən həftə ilə müqayisədə paytaxt bazarlarında kənd təsərrüfatı məhsullarının qiyməti xeyli ucuzlaşıb. Bazarlarda apardığımız müşahidələr və müqayisəli təhlil bunu söyləməyə əsas verir.

 

Bir həftə ərzində qiyməti ucuzlaşan məhsullardan biri kartofdur. “8-ci kilometr bazarı”nda yerli sortlarla yanaşı xaricdən gətirilmiş kartof məhsulları da boldur. Qiymətlər 50-80 qəpik arasında dəyişir. Hazırda bazarda Şəmkir, Tovuz və Cəlilabadda yetişdirilmiş kartof məhsulları daha çoxdur, Gədəbəy rayonunun markasına çevrilmiş kartofa isə daha az rast gəlinir. Satıcılar bunu Gədəbəy kartofunun nisbətən baha olması, xaricdən gətirilmiş kartofa qiymətdə uduzması ilə əlaqələndirir. Amma bazarda az da olsa Gədəbəy kartofu var, qiyməti isə 80 qəpikdən 1 manatadəkdir.

 

Ötən həftə ilə müqayisədə soğan da xeyli ucuzlaşıb. Alıcılar arasında Aran Qarabağ bölgəsində yetişdirilmiş, Ağdam soğanı kimi məşhurlaşan, amma əksəriyyəti Bərdə rayonundan gətirilən məhsulun 1 kiloqramı 60-70 qəpiyə satılır. Digər bölgələrdən gətirilən qış soğanının isə ortalama qiyməti 50 qəpikdir.

 

Qışda daha çox aldığımız kələmin 1 kiloqramı 30-35 qəpiyə Ölçüsündən, keyfiyyətindən asılı olaraq bu qiymət 50 qəpiyədək dəyişə bilər. Gül kələminin 1 kiloqramı isə 1,30-1,50 manatdır.

 

Göyərti də ötən həftəyə nisbətən ucuzlaşan məhsullardandır. Xalq arasında “Gəncə dəstəsi” adı ilə tanınan göyərti dəstəsi 15-20 qəpikdir. Alverçilər bu dəstəni alaraq dörd yerə bölür və bu kiçik dəstəni 10 qəpikdən satırlar. Yerkökünün bir kiloqramının qiyməti isə 30-50 qəpik arasında dəyişir.

 

Meyvələrin qiymətində də aşağı-yuxarı dəyişiklik var. Qubada yetişdirilən “Fuje”, “Qala” kimi xüsusi alma sortları nisbətən bahadır. Süfrəlik, yaxud xalq deyimi ilə desək, məclislik “Fuje” almasının kilosu 1 manat 30 qəpikdir. “Qala” alması isə 1 manata satılır. Daha populyar və bol olan “Palmet”, “Simerinka” sortundan olan almaların bir kiloqramının qiyməti 50 qəpikdən başlayır. Süfrəlik bu sort almaların ən bahalısının kilosu 80 qəpikdir. Ötən həftədən fərqli olaraq, bu dəfə bazarda armud və naringi çox azdır. Portağala isə meyvə satılan bölümdə hər beş piştaxtadan birində rast gəlmək olar. Qiyməti isə 1 manat 70 qəpikdən başlayır. Bananın 1 kiloqramı bazarda 2 manat 30 qəpikdir. Baha olsa da, marketlərdəki qiymətə görə xeyli ucuz sayıla bilər. Ötən həftənin qiymət rekordçusu olan narın qiyməti isə əməlli-başlı ucuzlaşıb. 10 gün əvvəl kiloqramı 3 manata satılan Göyçay narının qiyməti 3 dəfə düşüb. Yaxşı, süfrəlik nar 1 manatadır, kiçik narların kilosunu isə 50 qəpikdən də almaq olar.

 

Balıq və ət məhsullarının qiymətində isə elə bir ciddi dəyişiklik yoxdur. Əksinə bəzi balıq növlərinin qiyməti az da olsa bahalaşıb. “Araz xanısı” adı ilə məşhur olan xanı balığının bir kiloqramı yenə də 4 manatdır. Qiymətə təmizlənmə və doğranma da daxildir. Sazan balığının qiyməti ölçüsündən asılı olaraq dəyişir. Çəkisi 2 kiloqramdan artıq olan böyük sazanların bir kilosu 6 manatdan satılır. Orta ölçülü sazanları isə 5 manata almaq olar.

Kütümün kilosu əvvəlki tək 7 manatdır, qışda nadir tapılan çay sudakı isə əməlli-başlı qiymətə minib. Böyük sudakların kilosu 10-12 manata satılır. “Semqa”, yəni somon balığının qiyməti isə nisbətən ucuzlaşıb. Xaricdən gətirilən, qırmızı, dadlı ətir olan bu sümüksüz balığın kilosu ötən həftə 15 manat idisə, indi 14 manata satılır.

 

Toyuq ətinin də qiyməti dəyişməyib. Broyler toyuğundan təkcə görünüşü və dadı ilə deyil, sümüyünün bərkliyi ilə də seçilən təmizlənmiş kənd toyuğu 3 manat 50 qəpikdir. Satıcıların təbirincə desək, 3 kilosu 10 manat. Bazarda ən ucuz ət məhsulu da elə toyuq ətidir. Bunu alıcılar da deyir, satıcılar da.

 

Marketoloqlar məsləhət görür ki, bazarlığa axşam saatlarında gedəsiniz. Axşam bazarı həmişə ucuzluq olur. Bundan başqa bazara hər gün getmək məsləhət deyil. Qənaət rejimində həftəlik, 10 günlük bazarlıq etmək daha sərfəlidir. Bu zaman çox mal aldığınıza görə həm qiyməti aşağı sala bilir, həm də vaxtınıza qənaət etmiş olursunuz.

 

Bazar olsun! 

# 368
avatar

Oxşar yazılar