Prezidentin köməkçisi: “Manatın aktivliyi tamamilə bərpa olunacaq”
06 fevral 2016 16:14 (UTC +04:00)

Prezidentin köməkçisi: “Manatın aktivliyi tamamilə bərpa olunacaq”

“Cənab prezidentin aydın və dərin düşünülmüş iqtisadi islahat konsepsiyası var. Hazırda biz həmin konsepsiyanın icrası ilə məşğuluq. Bu konsepsiya dörd əsas istiqaməti əhatə edir”. 

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində deyib. O bildirib ki, birinci istiqamət maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpa olunması, eyni zamanda, bu sahədə maliyyə intizamının möhkəmləndirilməsidir: “Azərbaycan 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malikdir. Bu, ümumi daxili məhsulun həcmindən daha böyük rəqəmdir. Belə bir strateji ehtiyatlara malik olan dövlət təbii ki, heç bir maliyyə çətinliyi çəkə bilməz. Amma maliyyə resurslarından düzgün, səmərəli istifadə və maliyyə resurslarını sonradan əlavə dəyərə çevrilməklə ümumi daxili məhsulun həcminin artırılmasında iştirak prinsiplərinin tənzimlənməsi cənab prezidentin müəyyən etdiyi ən prioritet istiqamətdir. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu məqsədlə yaradılıb. Palatanın bütün təşkilati məsələləri fevral ayında həll olunacaq, normativ hüquqi aktlar hazırlanıb qəbul ediləcək. Mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda, Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək. Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq. Bu, cənab prezidentin müəyyən etdiyi digər üç istiqamət üzrə islahatların həyata keçirilməsini dəstəkləyən və eyni zamanda, təmin edən amil kimi çıxış edəcək.

 

İkinci əsas istiqamət ixracın stimullaşdırılmasıdır. İxracın təşviqi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin nəzdində AZPROMO fəaliyyət göstərir. Eyni zamanda, ixracı təşviq etmək üçün ayrı-ayrı qurumların təklifləri əsasında qanunlara dəyişikliklər edilib, müxtəlif normativ hüquqi aktlar hazırlanıb və həyata keçirilib. Lakin cənab prezidentin son çıxışında da qeyd etdiyi kimi, bu amillərin məcmusu dövlətimizin başçısının ümumi islahat konsepsiyasına tam uyğun gəlmir. Ona görə ki, cənab prezidentin müəyyən etdiyi hədəflər və bu gün onun islahat konsepsiyasında öz əksini tapan istiqamətlər yeni tələblər ortaya qoyur. Bu gün dünya iqtisadiyyatı yeni çağırışlarla üzləşir. Azərbaycan iqtisadiyyatı bu çağırışlara cavab verməlidir. Bunun üçün cənab prezident ixracı təşviq edəcək, stimullaşdıracaq bir qurumun yaradılması və onun konsepsiyasının hazırlanması barədə tapşırıq verib. Əslində bunun əsas konturları hazırdır. Beynəlxalq ekspertlər cəlb edilməklə bunun yekunlaşdırılması işləri görülür. Bu qurum həmin konsepsiyanın tələblərinə uyğun olaraq, ilk növbədə, qonşu ölkələrin iqtisadiyyatının tərkibini, strukturunu araşdıracaq, həmçinin Azərbaycanın qonşu ölkələrin bazarlarına hansı məhsulları ixrac edə biləcəyini müəyyənləşdirəcək. Məhz bundan sonra biz daxildə həmin istehsalı təşviq edəcək siyasəti həyata keçirəcəyik. Bütün bunlardan məqsəd ölkəmizi inkişaf etdirmək, “Made in Azerbaijan” brendinin tanıdılmasına nail olmaqdır. Bunun üçün investorların cəlb edilməsi nəzərdə tutulur”.

 

Prezidentin köməkçisi əlavə edib ki, investorların cəlb edilməsi üçün prezident İlham Əliyev yeni özəlləşdirmə proqramının hazırlanması barədə aidiyyəti qurumlara tapşırıq verib: “Hazırda beynəlxalq ekspertləri cəlb etməklə həmin özəlləşmə proqramının hazırlanması üzərində iş gedir. Cənab prezident göstəriş verib ki, bu özəlləşdirmə proqramı indiyədək mövcud olan proqramlardan kəskin şəkildə fərqlənməlidir. Yəni, bu proqram çərçivəsində özəlləşdirilən obyektin, istehsalat müəssisəsinin və yaxud hər hansı digər obyektin özəlləşdiriləndən sonra aktiv fəaliyyətini təmin edəcək investisiya proqramları olmalıdır. Yeni özəlləşmə proqramı beynəlxalq tələblər çərçivəsində hazırlanacaq və şəffaf şəkildə ictimaiyyətə təqdim olunacaq.

 

Üçüncü əsas istiqamət daxili bazarın formalaşdırılması və idxaldan asılılığa son qoyulmasıdır. Bu, çox mühüm istiqamətdir. Artıq yanvar ayından etibarən Azərbaycanın idxal prosesləri, gömrük orqanları tərəfindən idxal mallarının rəsmiləşdirilməsində şəffaflıq və bu istiqamətdə digər müvafiq orqanlarda atılan addımlar sahibkarlıq mühiti üçün çox əlverişli bir şərait yaradıb. Ancaq idxal mallarının kütləvi şəkildə Azərbaycana daxil olması artıq bizim yerli istehsalçıları narahat etməyə başlayıb. Bu gün çoxlu sayda yerli istehsalçı müraciət edir və onların idxal malları ilə rəqabətini tənzimləyəcək qaydaların yaradılmasını xahiş edir. Yerli istehsalın təşviqi, stimullaşdırılması və idxaldan asılılığın azaldılması bu gün qarşıda duran başlıca vəzifədir. Ancaq cənab prezidentin qeyd etdiyi kimi, biz xarici bazarlardan Azərbaycana daxil olan idxal mallarını məhdudlaşdırmaqla yerli istehsalı inkişaf etdirə bilmərik. Belə halda rəqabət aradan qalxar və yerli istehsalçılarda bir növ arxayınlıq yaranar. Məqsəd sağlam rəqabəti inkişaf etdirməkdir. Məsələnin əsas mahiyyəti də bundan ibarətdir. Bu gün daxili bazarı qorumaq üçün rəqabət mühiti iqtisadiyyatın, ümumiyyətlə, bazarın inkişafının ən əsas təminedici amilidir. Rəqabət mühiti olmadan heç bir bazar təbii ki, inkişaf edə bilməz. Bununla belə, daxili istehsalda rəqabəti inkişaf etdirmək, yerli bazarı qorumaq üçün bir sıra mühüm tədbirlər görüləcək. Bu sırada maarifləndirici tədbirlərə də üstünlük veriləcək”.

 

N. Əmirov qeyd edib ki, Azərbaycan prezidentinin islahat konsepsiyasının çox önəmli istiqamətlərindən biri də dövlət satınalmaları yolu ilə sahibkarları, xüsusilə kənd təsərrüfatı məhsulu istehsalçılarını stimullaşdırmaqdır: “Cənab prezidentin tapşırığı ilə indi elə bir yeni sistem hazırlanır ki, kənd təsərrüfatı məhsulu istehsalçılarına hətta bir il əvvəldən dövlət öz sifarişlərini verəcək. Bunun çox böyük üstünlükləri var. Çünki sahibkar biləcək ki, yetişdirdiyi məhsulu bazarda tam sata bilmədikdə qalan hissəni dövlət ondan alacaq. Yəni, dövlət – büdcə təşkilatları və digər təşkilatlar alıcı qismində çıxış edəcək. Hazırda bu mexanizm üzərində iş gedir. Düşünürəm ki, yaxın qısa müddət ərzində bu layihə də başa çatacaq, müvafiq qanunvericilik aktları hazırlanacaq. Yəni, ilk növbədə, kənd təsərrüfatı məhsulu istehsalçılarımız, gələcəkdə isə digər yerli istehsalçılarımız ən azı dövlətin ehtiyacları qədər sifarişləri almaq imkanına malik olacaqlar. Bu proses çox şəffaf, internet üzərindən olacaq. İnsanlarımız, sahibkarlarımız, eyni zamanda, ictimai nəzarəti təmin etmək üçün digər qurumlarımız bu prosesi şəffaf şəkildə izləyə biləcəklər. Göründüyü kimi, dördüncü əsas istiqamət sahibkarlığın inkişafına dövlət dəstəyinin prioritet istiqamət olduğunu təsdiq edir. Dövlət bütün bürokratik əngəlləri aradan qaldırır, sahibkarlara hər cür kömək göstərir. Azərbaycan prezidentinin müəyyənləşdirdiyi iqtisadi islahatlar ölkənin yeni inkişaf hədəflərinə hesablanıb”.

# 210
avatar

Oxşar yazılar