Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Fevral
06 fevral 2016 20:00 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Fevral

Ukraynanın Krım danışıqlarında Türkiyənin iştirakını vacib hesab etməsini bir neçə kontekstdə şərh etmək olar. Birincisi, Krımın ilhaqında Kreml tarixi ərazi iddiasını önə çəkdi, bölgədə rusların sayının kifayət qədər olmasını bildirdi və məhz bu iddialardan sonra yarımadanı ələ keçirdi.

 

Tarixi ərazi məsələsi isə mübahisəlidir. Çünki məlumdur ki, Krım zamanında indiki Türkiyənin varisi olduğu Osmanlı imperiyasının sərhədləri içərisində də olub və ya müəyyən dövrlərdə Krım xanlığı Osmanlı ilə sıx müttəfiqlik edib. Ukrayna da rusların ərazi iddiasının qarşısına Türkiyəni alternativ kimi çıxarmağı planlaşdırıb.

 

İkincisi, yarımadada Krım tatarlarının da sayının nəzərəçarpacaq dərəcədə çox və Türkiyənin tatarların hüquqlarının qorunmasında hər zaman maraqlı olması da Ukraynanın bu istəyini başadüşülən edir. Ötən ilin payızında Türkiyənin Krıma nümayəndə heyəti göndərməsini və Ankaranın açıq şəkildə tatarların hüquqlarının pozulmasını bəyan etməsini də bura əlavə etmək lazımdır.

 

Üçüncüsü, Ukrayna Rusiya ilə Türkiyənin münasibətlərinin pozulmasından da istifadə edir. Türkiyənin baş naziri Əhməd Davudoğlunun Kiyev səfəri öncəsi Ukraynanın bu təkidi həm də fürsətdən zamanında istifadə edilməsi anlamına da gəlir. Davudoğlunun Kiyevdə aparacağı danışıqların ana xəttini məhz bu məsələnin təşkil edəcəyi şübhə doğurmur. Qalır Türkiyənin bu istəyə verəcəyi reaksiya... 

# 232
avatar

Oxşar yazılar