<span style="color:red;">Uşağını küçəyə atan qadın : "Özüm də uşaq evində böyümüşəm"-<span style="color:red;">YENİLƏNİB
12 fevral 2016 17:19 (UTC +04:00)

Uşağını küçəyə atan qadın: "Özüm də uşaq evində böyümüşəm"-YENİLƏNİB

Fevralın 12-nə keçən gecə Xətai rayonu ərazisində, Qara şəhər adlanan yerdə 2 yaşlı oğlu Yusifi küçəyə atan qadın hərəkətinin səbəbini açıqlayıb. İlhamə Məmmədova Lent.az-a bildirib ki, 1981-ci ildə Qazax rayonunda anadan olub, lakin uşaq evində böyüyüb: "Valideynlərim mən 2 aylıq olanda gətirib Gəncəyə atıblar. Uşaq evində böyümüşəm. Orada keçirdiklərimi, yaşadıqlarımı düşünəndə valideynlərimə nifrət edirəm".

 

İ.Məmmədova əlavə edib ki, uşaq evini tərk edəndən sonra həyatla təkbaşına mübarizə aparmalı olub: "Əvvəl işlədiyim yerdə iş yoldaşımdan bir övladım oldu. Həmin adam hamiləykən məni atdı. İmkansızlığa görə körpəni doğum evindən çıxarmadım və ərizəmdə bildirdim ki, imkanım olan kimi gəlib onu götürəcəm. Sonra başqası ilə tanış oldum, ondan da hamilə qaldım, bu biri uşaq oldu. Onu özümlə götürdüm, yaşadığım yataqxanaya gətirdim. Amma inanın, işsiz vəziyyətdə, heç uşaqpulunu da ala bilmirəm. Mən də istəyirəm övladım yaxşı yesin, tox olsun, geyinsin. Sağ olsun dünən polislər pampers-filan almışdılar. Amma hara qədər? Böyrəklərim də xəstədir".

 

35 yaşlı qadın bildirib ki, övladını uşaq evinə deyil, övladlığa vermək istəyir, bu məqsədlə qeydiyyatda olduğu rayonun icra hakimiyyətinə müraciət edəcək. O, həmçinin deyib ki, problemləri ilə əlaqədar dəfələrlə uşaqların atalarına müraciət edib, hətta telekanallardan birinin efiri vasitəsi ilə çıxış edib. Lakin kimsə ona kömək etməyib.

 

Qeyd edək ki, İ.Məmmədova Xətai rayonunda yataqxanalardan birində yaşayır. Onun dünən küçəyə atdığı Yusifin martın 5-də 2 yaşı tamam olacaq.

 

 

*****

 

14:17

 

Daxili İşlər Nazirliyi Bakıda küçədə tapılan azyaşlı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, ötən gün axşam saatlarında Xətai rayonu ərazisində tapılan azyaşlı oğlan uşağı olub və onun 2 yaşı var: “Küçədə tapılan uşaq sakinlər tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə təhvil verilib. Araşdırmalar zamanı tapılan uşağın 2014-cü il təvəllüdlü Yusif Tofiq oğlu Məmmədov olması müəyyən edilib. Həyata keçirilən tədbirlər nəticəsində uşağın anası İlhamə Məmmədova polisə dəvət olunub. Polis əməkdaşlarının uşağın anası ilə apardığı profilaktik söhbət əsnasında məlum olub ki, o, azyaşlını özü bilərəkdən küçəyə atıb. İmtina etməsinə səbəb kimi isə o uşağa baxa bilmədiyini göstərib. Məhz bu səbəbdən də o uşağı küçəyə buraxıb və hansısa imkanlı bir adamın onu taparaq aparmasını, uşağa sahib çıxmasını istəyib”.

O. Mansurzadə bildirib ki, küçədən uşağın tapılması barədə sosial şəbəkələrdə məlumat yayılandan dərhal sonra bir neçə nəfə polisə ərizə ilə müraciət edərək həmin uşağı himayəsinə götürmək istəyib. Polis əməkdaşları həmin şəxslərə bu proseduran qaydalarını izah edərək onları aidiyyəti qurumlara müraciət etmələri barədə xəbərdarlıq edib. Sonradan uşağın anası İlhamə Məmmədova qərarını dəyişib və övladına sahib çıxacağını bildirərək uşağı özü ilə aparıb”.

 

O. Mansurzadə həmçinin qeyd edib ki, araşdırmalar zamanı o da məlum olub ki, İ. Məmmədovanın bundan başqa daha bir övladı var və 7 yaşlı həmin uşaq hazırda Bakı şəhərindəki internat məktəblərindən birində saxlanılır.

 

Qeyd edək ki, ötən gün axşam saatlarında sosial şəbəkələrdə Bakının Xətai rayonu ərazisində, “Qara Şəhər” adlanan yerdə küçədən ağlayan qızın tapılması barədə məlumatlar yayılıb.

 

**

11:54

Bakıda küçədə azan azyaşlı qızın valideynləri tapılıb. Lent.az-ın məlumatına görə, Xətai rayonu ərazisində, Qara şəhər adlanan yerdə tapılan 5 yaşlı qızın valideynləri Xətai rayon Polis İdarəsi 37-ci Polis Bölməsinə gələrək övladlarını aparıblar. Onlar ehtiyatsızlıq nəticəsində qızın onlardan ayrı düşdüyünü deyiblər.

 

*****

 

10:35

 

Fevralın 11-dən 12-nə keçən gecə Bakıda küçədən azyaşlı qız uşağı tapılıb. Lent.az-ın məlumatına görə, Xətai rayonu ərazisində, Qara Şəhər adlanan yerdə ağlaya-ağlaya dolaşan 4-5 yaşlı qız yaxınlıqdan keçən şəxslərin diqqətini çəkib. Onlar öyrəniblər ki, qız küçədə azıb və ya atılıb. Daha sonra azyaşlı  Xətai rayonu 27-ci Polis Bölməsinə aparılıb və onun ailəsinin axtarışlarına başlanılıb.

 

Bölmədən Lent.az-a bildirilib ki, azyaşlı qızın valideynləri hələ ki, tapılmayıb.   

# 332
avatar

Nizam Rza

Oxşar yazılar