Müğənni Əbdülxalid: “Toy tutmaq üçün efirdə toy mahnıları oxumaq olmaz”
12 fevral 2016 19:01 (UTC +04:00)

Müğənni Əbdülxalid: “Toy tutmaq üçün efirdə toy mahnıları oxumaq olmaz”

“Bülbül adına Orta ixtisas Musiqi məktəbini bitirmişəm. Böyük sənətkarımız Əlibaba Məmmədovun tələbəsi olmuşam. Milli Konservatoriyada Səkinə İsmayılovadan dərs almışam. Yəni, muğam biliyim var”. Bu fikirləri APA TV –nin “Səhər zəngi” verilişinin qonağı, müğənni Əbdül Xalid bildirib.

 

O qeyd edib ki, sənətdə uğur qazanmaq üçün müəllim məsləhətinə ehtiyac var: “Müəllim şərtdir. Çox nadir hallarda olur ki, ifaçının müəllimi olmur. Qiyabi müəllim də ola bilər, yəni müğənni sadəcə onu dinləyib öyrənə bilər. Mənim vokal təhsilim də var. Xalq artisti Samir Cəfərovdan dərs almışam. Bu vacibdir. Çünki ifaçılıq mədəniyyəti deyilən bir anlam var. Elə müğənni var ki, nə ifa etdiyi anlaşılmır. İfa üslubunun formalaşması üçün də müəllimin olması yaxşıdır. Fikri çatdırmaq, obraz yaratmaq lazımdır”.

 

Yeni işlərindən bəhs edən müğənni bildirib ki, bu il üçün artıq bir neçə mahnı hazırlanıb:

“”Gül” adlı mahnı yazdırmışam. Musiqisi Bəbir Bəbirliyə və mənə, sözləri isə Vüqar Abdulova məxsusdur. Aranjemanı da Bəbir Bəbirli edib. 1 həftə öncə təqdim etdik və rəylər müsbətdir. “Xatırla məni” xalq mahnısını yeni aranjemanda yazdırmışam. Peşəkar musiqiçi Rüstəm Zeynallı fərqli tərzdə, özünəməxsus tərzdə işləyib”.

 

Qonaq, yerli televiziya kanallarından şikayətlənib: “Öz yaradıcılığını göstərmək istəyirsən, amma sənə başqa cür baxırlar. Bu hal insanı həvəsdən salır. Əziyyət çəkmişəm, keyfiyyətli iş yaratmışam. Əgər külli miqdarda pul xərclənməyinə rəğmən, müğənnini öz qohumlarından başqa, heç kim toya dəvət etmirsə, o zaman oxumağa dəyməz. Əsas odur ki, keyfiyyətli canlı ifa bacarığı olsun”.

 

Əbdülxalid sənətə olan münasibəti müğənnilik iddiasında olanların dəyişdirdiyini bildirib: “Televiziyalar bayağı ifaçılara şərait yaratdılar. Hər şey cılızlaşıb, zövqlər korlanıb. Toy tutmaq üçün efirdə toy mahnıları oxumaq olmaz. Əgər müğənniyə istək varsa, o dəvət alacaq. Bir məqam da var ki, tanınmış müğənnilər toyda yarım saatlıq çıxış edəndə başqalarının mahnılarını oxuyurlar”. 

# 349
avatar

Oxşar yazılar