“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb
13 fevral 2016 18:23 (UTC +04:00)

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Milli Elmlər Akademiyasında “Sabahın alimləri” V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, İntel korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva, müsabiqənin təşkilatçıları, millət vəkilləri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, alimlər, təhsil ekspertləri və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Qeyd olunub ki, “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsində əsas məqsəd yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və  onlara elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir.

Təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” müsabiqəsinə ildən-ilə marağın artdığını bildirib, müsabiqə iştirakçılarını təbrik edərək onlara gələcək elmi işlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edənlər müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, elm və təhsil müəssisələri arasında əlaqələrin qurulmasının vacibliyini bildiriblər.

“Sabahın alimləri” müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edib. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib.

Müsabiqə üç gün ərzində keçirilib. Sonuncu gün “Açıq qapı” saatları təşkil olunub, şagird və müəllimlərə, həmçinin media nümayəndələrinə layihələrlə tanış olmaq imkanı yaradılıb.

Müsabiqəyə təqdim olunan layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib.

Daha sonra Münsiflər Heyəti tərəfindən seçilərək İntel İSEF-İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlanıb. Fizika, astronomiya kateqoriyası üzrə II yer tutmuş Bakı Avropa Liseyinin XI sinif şagirdləri Arzu Məmmədova, Nərmin Aydarova, eyniadlı kateqoriya üzrə II yer tutmuş akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Mədət Sardarlı və XI sinif şagirdi Nigar Sardarlı, biologiya kateqoriyası üzrə I yer tutmuş akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Ayşən Əliyeva, Əli Əliyev cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək  hüququ qazanıblar.

Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.

# 364
avatar

Oxşar yazılar