Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 Fevral
13 fevral 2016 20:08 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 Fevral

GÜNÜN ŞƏRHİ

 

Türkiyə və Səudiyyə Ərəbistanının ardınca Birləşmiş Ştatlar da Suriya ərazisinə qoşun yeridə biləcəyinin anonsunu verib. Bu, hələ xarici ölkələrin Suriyada quru əməliyyatlarına başlayacağı demək deyil. Amma anonslar və xəbərdarlıqlar niyyətin ciddi olduğunu göstərir. Türkiyə İncirlik hava limanını Səudiyyə Ərəbistanının ixtiyarına verir, ABŞ Əsəd və müttəfiqlərini atəşkəsə riayət etməyə çağırır, əks təqdirdə quru əməliyyatlarına başlayacağı ilə hədələyir. Qarşı tərəf işin ciddiyyətini anlamamış deyil. Rusiyanın baş naziri üçüncü dünya müharibəsinin anonsunu verir və tərəfləri siyasi çözümə çağırır, İran isə qəfildən Səudiyyə Ərəbistanına əməkdaşlıq təklif edir. Əsəd və müttəfiqlərinin bir üstünlüyü var - Suriyaya qoşun yeridəcəyi söylənən ölkələr arasında ziddiyyətlər aradan qalxmayıb. Türkiyə və Səudiyyə barışıq elan etsə də, postəsəd dövrünə dair fərqli mövqelərini qoruyurlar, Ankara kürdlərə tam dəstək verdiyinə görə Vaşinqtonu ittiham yağmuruna tutur, Səudiyyə İranın nüvə proqramına yaşıl işıq yandırdığına görə ABŞ-dan incikdir. Qarşı tərəf bu durumu düzgün dəyərləndirir və müharibə koalisiyası daxilində ziddiyyətləri dərinləşdirməyə çalışır. Bu sırada ən aktiv olan İrandır. Səudiyyəyə əməkdaşlıq təklif edən İran Türkiyənin borclarını siləcəyini açıqlayıb və bununla hər iki rəqibinin könlünü almağa və bir-birinə etimadını azaltmağa çalışır. Rusiyanın mövqeyi daha dəqiqdir. Suriya bataqlığından asanlıqla çıxa bilməyəcəyini anlayan Kreml bu ölkədə hərbi iştirakını gücləndirmək xətti tutub və Suriyaya əlavə hərbi texnika və canlı qüvvə göndərir. Ortada olmayan təkcə Əsəddir, bütün problemlərin başı olan Əsəd. Belə görünür ki, həm onu müdafiə edənlər, həm ona qarşı çıxanlar üçün Əsəd faktoru artıq keçmiş tarix, indi bəhanədən başqa bir şey deyil. 

# 222
avatar

Oxşar yazılar