Prezident: "Biz hər hansı əsaslı maliyyə yardımı gözləmirik"
13 fevral 2016 22:33 (UTC +04:00)

Prezident: "Biz hər hansı əsaslı maliyyə yardımı gözləmirik"

“Azərbaycan siyasəti ondan ibarətdir ki, biz qazandığımızdan az xərcləməliyik”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı çıxışında deyib. Onun sözlərinə görə, ən böyük investisiya layihələri, o cümlədən, enerji layihələri Azərbaycanın və tərəfdaşlarının öz resursları sayəsində həyata keçirilir: “Ona görə də biz hər hansı əsaslı maliyyə yardımı gözləmirik. Nəzərə alsaq ki,  bu müddət ərzində Azərbaycan əsaslı maliyyə resursları toplayıb, hətta neftin qiymətinin kəskin düşməsi bizim iqtisadiyyatımıza təsir edə bilməz. Ötən il biz ÜDM-də 1 faizdən artıq artım və qeyri-neft sektorunda 8 faizdən artıq artım əldə etdik. Bu iqtisadiyyatın şaxələndirməsi və qeyri-neft sektoruna qoyulan vəsait sayəsində baş verdi. Təbii ki, regiondakı ümumi vəziyyət də bizim üçün vacibdir. Dayanıqlı inkişaf bizim məqsəd və hədəfimizdir. İqlim təhlükəsizliyinə gəldikdə isə, bayaq dediyim kimi, bizim Kioto protokolu qarşısında öhdəliyimiz yoxdur. Lakin bizim iqtisadi siyasətimiz, alternativ enerji mənbələrinə investisiyamız, 10-dan artıq hidroelektrik stansiyalarının tikilməsi, bizim bu sahədəki töhfələrimizin göstəricisidir. Əgər biz bu gün tərəfdaşlarımızla birlikdə  neft və qaza  investisiya qoymasaydıq, bu gün bizim elektrik stansiyalarımız, Sovet dövründəki kimi, mazut yandırmaqla istismar olunardı. Bu gün bizim bütün elektrik stansiyalarımız təbii qaz və ya su ilə işləyir. Bu neft və qaz sahəsinə edilən yatırım sayəsində oldu ki, nəticədə, karbon qazı tullantıları azaldı. Bunlar hamısı bir-biri ilə bağlıdır”.

# 225
avatar

Oxşar yazılar