Qazana düşüb əriyən qız, 40 il cəhənnəm istisində, Coratdakı eynəkli ilan - <span style="color:red;">SƏBUHİ SƏDƏF YAZIR
16 sentyabr 2019 17:21 (UTC +04:00)

Qazana düşüb əriyən qız, 40 il cəhənnəm istisində, Coratdakı eynəkli ilan - SƏBUHİ SƏDƏF YAZIR

 
 
7 yaş 6 aylıq ikən, atası Şabanı müharibəyə aparmışdılar. Və atası müharibəyə tək getməmişdi; Oğuzun Daşağıl kəndindən, daha doğrusu, kolxozdan ona 20 at təhkim etmişdilər. Şaban da həmin atları sovet qoşunlarının Şimali Qafqazdakı hərbi dairəsinin baş qərargahına çatdırmalıydı. Elə özü də sonralar döyüşə hazırlaşan süvari dəstəsinin tərkibinə yazılmışdı. 
 
 
- Mənim 10 yaşım vardı. 1944-cü ilin yazında “qara kağızı” gəldi atamın. Anam bizi böyütmək üçün nə zülmlər çəkdi, bircə bilsən…
 
Bunu deyib də, kövrəlir 86 yaşlı İzzət Yusifov. 70 il əvvəl Sumqayıtın ilk qurucularından, şəhərin ilk binalarının təməlini qoyanlardan biri. 86 yaşınacan xoş günləri də olub, acılı da. Elə anlar yaşayıb, elə şeylərə şahid olub ki, yazmaqla bitməz. Üç övladı olub. Üçünü də itirib. İndi həyat yoldaşı Gülsənəm xanımla ikiotaqlı mənzildə aldıqları kiçik pensiyanın ümidinə qalıblar. 40 il 1600 dərəcə istinin qarşısında duruş gətirmiş İzzət kişinin həyat hekayəsini həyəcansız oxuya bilməyəcəksiniz.
 
***
 
 
...1949-cu ilin soyuq oktyabr günü Oğuzun Daşağıl kəndindən Sumqayıta üz tutur, 15 yaşlı İzzət. Deyir, ardınca anası ağlaya-ağlaya qalıb.
 
- Məndən kiçik qardaşım vardı. Aclıq, səfalət, dolanışıq çətin idi. Radioda eşitmişdim Sumqayıt barədə. Deyirdilər,təzə şəhər tikiləcək. Atla, arabayla birtəhər gəlib çıxdım Sumqayıta.
 
Gələn gündən baraklarda yaşayıb. Bir neçə gündən sonra yeniyetmə İzzətə deyiblər ki, bir sənətə yiyələn, belə olmasa, heç bir gələcəyin olmayacaq. Böyüklərin məsləhətinə qulaq asır, peşə məktəbinə daxil olur, bir il ərzində orada armaturçu-betonçu peşəsinə yiyələnir
 
Biz İzzət kişinin həyat yoluna qayıdacağıq. İndilikdə isə ondan Sumqayıt barədə soruşuruq. 15 yaşlı İzzətin gördüyü Sumqayıt barədə.
 
 
- Şəhər adına heç nə yox idi. Buralar coratlıların, saraylıların, eləcə də novxanılıların üzüm və əncir bağlarıydı. Bir də qumsallıq. Corat tərəfdə üzümlük o qədər çox idi ki, meşəni xatırladırdı. Həmin ərəfədə Corat tərəflərdə eynəkli ilan görmüşdülər. Bir nəfərin üzünə tüpürüb onu kor etmişdi. Sonradan həmin adam ölmüşdü. Eynəkli ilan ən zəhərli ilan olduğu üçün onun dişlədiyi adam 3 dəqiqədən sonra ölür, hətta peyvənd etməyə vaxt çatmır. Həmin ərəfədə ən yaxın xəstəxana Bakıdaydı. Həm də o vaxt Sumqayıtda uzaqbaşı 10 min adam yaşayırdı. Demirəmmi hər yan qumsallıq, üzümlük, əncirlik. Nasosnı (indiki Hacı Zernalabdin Tağıyev qəsəbəsi – S.S.) tərəfdə almanların barakları yerləşirdi. Bilirsən, hansı almanların? Hə, ay sağ ol, alman əsirlərin. Burda xeyli bina tikmişdilər sonradan. Nə danışırsan, ay bala? Niyə nifrət edək ki? Belə götürəndə onlar mənim atamı öldürmüşdülər. Amma çox yaxşı insanlar idilər. Özü də nizam-intizamlı. Saat səkkiz olan kimi işə başlayırdılar. Axşam da cərgəyə düzəlib baraklara qayıdırdılar. Şəhərin köhnə binalarının əksəriyyətini onlar tikiblər. Mən peşə məktəbini bitirəndən sonra bir çox binaların tikintisində onlarla çalışmışam. Təsəvvür elə, nə mən alman dilini bilirəm, nə onlar Azərbaycan, yaxud rus dilini. Amma əllə-qolla bir-birimizi başa düşürdük. Məsələn, alman mühəndis mənim işimə baxıb gülümsəyəndə, başa düşürdüm ki, demək alınıb. Amma xeyli alman öldü burda. 300-dən çoxu. Yüz nəfərə qədər də macar əsir. Burda “Kotec” deyilən yer var, orada basdırıblar hamısını.
 
Bir neçə il armaturçu-betonçu işləyir. 1957-ci ilədək Sumqayıtın İnşaatçılar qəsəbəsindəki müxtəlif sosial obyektlərin, o cümlədən köhnə bazarın ətrafındakı bir çox yaşayış binalarının, fəhlə yataqxanalarının, şəhərin ilk “Uşaq aləmi” mağazasının və indiki icra hakimiyyətinin binasının tikintisində çalışır. Yarızarafatla deyir ki, bu binanın damını, döşəməsini mən vurmuşam, pəncərələrini mən salmışam.
Günlərin bir günü hərbi xidmətə çağırırlar İzzəti. Əsgərliyini çəkib yenidən Sumqayıta qayıdır. Və məlum olur ki?..
 
Hə, Sumqayıt o vaxt ildırım sürətiylə inkişaf edirdi. Yeni-yeni zavodlar, sənaye müəssisələri. İzzət hərbi qulluğunu başa vurub qayıdan kimi boru-prokat zavodunda 3-cü dərəcəli poladəridən köməkçisi kimi işə başlayır. Bir qədər işlədikdən sonra o, 1-ci dərəcəli poladəridən köməkçi olur. Heç iki il keçmir, ona artıq müstəqil şəkildə marten sobasını tapşırırlar.
 
- İlk baxışdan adama asan görünə bilər bu iş. Amma sizə deyim, dünyanın ən ağır və məsuliyyətli işidir polad əritmək. 
Təsəvvür elə, 100-150 ton tutumu olan sobalardı. Bu, bir əritmə prosesində əridilən metalın miqdarıdır. Düzdür, sovetlərdə olmayıb, amma eşitmişəm ki, hazırda həcmi 900 ton olan sobalar işlədilməkdədir. 1700 dərəcəyə yaxın temperaturun qabağında durub çalışmaq bilirsən necə cəhənnəm əzabıydı? Mən SSRİ-yə on min tonlarla yüksək keyfiyyətli polad əridib vermişəm. Urala, Tatarıstana, Başqırdıstana, Türkmənistana, Qazaxıstana, Özbəkistana, Uzaq Sibirə burdan, Sumqayıtdan polad gedirdi. 40 il sobanın başından geri çəkilməmişəm. Nələr görmüşəm, nələr?
 
Qan donduran bir əhvalat danışır İzzət kişi. Deyir, metal sobalarda əridiləndən sonra yüksək tutumlu xüsusi qazanlara doldurulur. Həmin qazanlarda temperatur 2000 dərəcəyə yaxın olur.
 
- Ani ehtiyatsızlıq, ölüm deməkdi. O metalın “suyu”ndan bircə damcı bədəninə düşdüsə, yandırıb, deşib keçəcək səni. Bir dəfə necə deyim e, damcı da deyildi, ona ad da tapmaq olmur, kürəyimə düşmüşdü, onurğa sütunumu deşib aparmasına bir milli santimetr qalmışdı. Allahım xilas etdi məni. Neçə ay xəstəxanada yatdım. Hə, onu deyirdim axı. Bir dəfə belə bir hal olmuşdu. İşdəydik, metal ərintili qazanların olduğu sexə bir qız daxil oldu. Qonşu sexdə işləyirdi. Qəfildən qazanın yanındakı dəmir nərdivanla yuxarı qalxıb özünü onun içinə atdı. Biz ancaq onu gördük ki, qazanın içindən yaşıl bir halə qalxdı. Əriyib getdi onun içində, yazıq. Biz şokdaydıq, ağlımız başımızdan çıxmışdı az qala. Bu nə idi baş verdi? Sonradan bilirsinizmi nə oldu? Həmin ərintidən istifadə edilmədi. Boşaltdılar. Dedilər, bundan istifadə etmək günahdır. 
 
***
 
40 il 1995-ci ilə kimi polad əridir. “Əməkdə fərqlənməyə görə”, “Lenin yubiley”, “Əmək veteranı” medalı ilə təltif edilir. Sosialist Əməyi Qəhrəmanı adına təqdimatı verilir. Amma günlərin bir günü başqa bir millətdən olan poladəridənlə mübahisəsi düşür. İzzət onu təhqir edən həmin şəxsin cavabını döyməklə verir. Nəticədə qəhrəman adının üstündən xətt çəkilir. Amma bununla belə sonradan SSRİ Qara Metallurgiya Nazirliyinin bir çox fəxri fərmanlarıyla təltif edilir. Neçə-neçə gəncin poladəridən kimi yetişməsində İzzət Yusifovun böyük və gərgin əməyi olur. 1970-80-ci illərdə “Lenin” ordeninə və hər üç dərəcəli “Şöhrət” ordeninə layiq görülmüş adlı-sanlı poladəridən Allahverdi Süleymanov və SSRİ Ali Sovetinin deputatı olmuş Yaşar Abbasov da yüksək dərəcəli poladəridən İzzət Yusifovun yetirmələridir.
 
***
 
40 il od-alovla çarpışan İzzət kişi indi cəmi 220 manat pensiya alır. Şəkər və digər xəstəliklərdən əziyyət çəkir. Aldığı pul dərmanlarına güclə yetir. Məhz bu səbəbdəndir ki, indi 86 yaşında gözətçi işləyir. Nə var, nə var əlavə 150 manat qazancı olsun. Ömür-gün yoldaşı, 61 illik həyat yoldaşı Gülsənəm xalanın da pensiyası azdır. İkiotaqlı evlərinin ciddi təmirə ehtiyacı var. Övladları? 
- Üç övladım vardı.  Bir oğlum qürbətdə, Rusiyanın Yaroslavl şəhərində avtomobil qəzasında həlak olub. Bir oğlumu və qızımı isə xərçəng “yeyib”. 
 
 
Övladlarının vaxtsız itkisinin ağrı-acısı ilə üz-üzə qalmış İzzət Yusifov bu gün Sumqayıtın ən qocaman, odlu peşə sahibi kimi layiq olduğu haqqını almayan sonuncu “mogikan” poladəridənidir. 
Bircə istəyi var Sumqayıt şəhər icra hakimiyyətindən:
- Pensiyamı qaldırmaq şəhər rəhbərliyinin səlahiyyətində deyil, bilirəm. Mənzilimin təmirinə kömək etsinlər, dava-dərmanlarıma kömək etsinlər, istəyim budur. 
 
...Ayağa qalxırıq, mən evə, o isə...gözətçi olduğu yerə...
 
# 34070
avatar

Səbuhi Sədəf

Oxşar yazılar