Psixi xəstələrin qeydiyyatını aparmaq düzgün deyil - Fuad İsmayılov
17 yanvar 2020 16:30 (UTC +04:00)

Psixi xəstələrin qeydiyyatını aparmaq düzgün deyil - Fuad İsmayılov

 

"Psixiatriyada istifadə olunan bəzi dərmanlar yan təsirlər göstərərək kardioloji fəsadlar yaradır".

APA xəbər verir ki, bunu "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və müalicəsi" mövzusuna həsr olunan elmi-praktiki konfransda Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib. O bildirib ki, digər tərəfdən bəzi kardioloji preparatlar psixi pozuntuların yaranmasına təkan verir: "Məsələn, aritmiyaya qarşı preparatlar 100 faiz depressiya yarada bilir. Əgər infarkt olan xəstədə psixi pozuntular varsa, o, dərmanları zamanında içməyəcək, müalicə rejiminə əməl etməyəcək ki, bunun da nəticəsi pis olacaq. Yaş artdıqca həm psixi, həm də kardioloji problemlər daha da artır. Dünyada olduğu kimi Azərbaycanda da ən çox müşahidə edilən psixi xəstəliklərin siyahısında ilk yerdə depressiya, təşviş pozuntuları, stress və ya adaptasiya pozuntuları dayanır".

F.İsmayılov vurğulayıb ki, psixi xəstəlikdən əziyyət çəkərlərin qeydiyyatını aparmaq mümkün deyil: "Biz psixi xəstələri qeydiyyata salmırıq, çünki bu, Konstitusiyamıza ziddir. Mərkəzə müraciət edən xəstələrin statistikası toplanır. Amma onların qeydiyyatını aparmaq düzgün deyil".

Direktorun sözlərinə görə, psixi xəstələrin stiqmaları olur. Onlar psixi xəstəliklərin müalicəsi üçün müraciət edəcəyi tədqirdə bunun onların sonrakı fəaliyyətinə təsir edəcəyini düşünürlər: "Amma buna baxmayaraq, əvvəlki illərlə müqayisədə belə xəstəliklərin müalicəsi üçün müraciət edənlərin sayı artıb ki, bu da müsbət haldır".

# 1534
avatar

Oxşar yazılar