Kabaçki omleti (1 yaş +)
15 aprel 2020 10:01 (UTC +04:00)

Kabaçki omleti (1 yaş +)

Əgər, körpəniz ilə səhəri dadlı və faydalı yemək ilə başlamaq istəyirsinizsə, bu sadə reseptə diqqət yetirin. Tədqiqatlar göstərir ki, qidalar arasında ən keyfiyyətli protein yumurtadadır. Ümumiyyətlə, yumurtanın sarısı çox miqdarda vitamin və yağ ehtiva edir, ağ hissəsində isə çox miqdarda protein vardır. Bundan əlavə, yumurtada kifayət qədər amin turşusu var, buna görə yumurta uşaqların fiziki və zehni inkişafı üçün çox vacibdir. Yumurtanın tərkibində A, D, E və B qrup vitaminləri var. Yumurta sarısı sümük inkişafı üçün zəruri olan A vitaminini ehtiva edir. Yumurta sarısının tərkibində olan D vitamini uşaqlarda olan sümük inkişafı problemlərinin yaranmasının qarşısını alır. Yumurtadakı dəmir, sink mineralı xüsusilə böyümə, inkişaf və immunitet sistemində mühüm rol oynayır. 

Eyni zamanda, yumurta son dərəcə allergiya yarada bilən bir məhsuldur, xüsusən də yumurtanın ağı. Buna görə körpəyə əvvəlcə yumurta sarısı verilir. Körpə 8-ci ayında yumurta yeməyə başlaya bilər, ancaq körpənizin allergiya həssaslığına görə daha erkən və ya gec başlamaq olar. Ümumiyyətlə, yumurta ağı 1 yaşına qədər tövsiyə edilmir. Riskdən qaçınmaq üçün yumurta ağını kiçik bir parça ilə başlayıb, tədricən artıra bilərsiniz. Körpənizin yumurtaya alergiyası varsa, narahat olmayın, uşaqlar 2 yaşdan sonra daha az allergiyaya məruzdular. Hər bir halda həkiminizlə məsləhətləşməniz tövsiyyə olunur.

Unutmayın ki, yumurta yuyulmadan karton qutuda saxlanılmalıdır. Yuyulduqdan sonra yumurta təbii qoruyucu qatını itirir. Yumurtanın qida dəyərini itirmədən yemək üçün onu qaynadılmış halda yemək daha uyğundur. Yumurtanın ağı 4 dəqiqə,  tam yumurta isə 12 dəqiqə qaynadıldıqdan sonra tamamilə bərkimiş olur. Yumurtanın pişirmə vaxtı yaxşı tənzimlənməlidir. Uzun müddət bişirilən yumurtanın həzm edilməsi çətinləşir və bişirmə üsuluna görə B qrupu vitaminlərində itkilər olur. Eyni zamanda çiy yumurta Salmonella infeksiyasına yoluxdura bilər.

Kabaçki omleti üçün inqrediyentlər:

  • 1 ədəd yumurta,
  • 1 ədəd kabaçki,
  • 50 qr süt,
  • 2 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı
  • Şüyüt,
  • Duz.

Kabaçki omletinin hazırlanması:

Kabaçkinin kobud dərisi soyulur və ortadan təmizlənir. Əgər təzə kabaçkidirsə, heç bir şeyi təmizləməyə ehtiyac yoxdur. Sadəcə, yaxşı yumaq kifayət edir. Kabaçkini kiçik kublara kəsib,  zeytun yağlı tavaya qoyub, 5-7 dəqiqə qapağı bağlı halda orta odda qızartmaq lazımdır.

Yumurta südlə çırpılır. İstəyə görə duz da əlavə edilə bilər. Qızardılmış kabaçkinin üzərinə əvvəl çox xırda doğranmış şüyüt əlavə edilib qarışdırılır. Sonra omlet kütləsini əlavə edib, qapağı örtülü halda aşağı odda, omlet tam bişənə qədər bişirilir. Bişmiş omleti parçalara ayırıb, səhər yeməyi üçün körpənizə verə bilərsiniz. Nuş olsun!

# 15114
avatar

Oxşar yazılar