"Manatın taleyinə də aydınlıq gətirilməlidir" - Vahid Əhmədov
06 avqust 2020 11:51 (UTC +04:00)

"Manatın taleyinə də aydınlıq gətirilməlidir" - Vahid Əhmədov

“Neftin dünya bazar qiymətinin düşməsi, pandemiya iqtisadiyyata təsir edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O bildirib ki, hər yeri bağlayaraq, pandemiyaya görə dövlət büdcəsinə baxılması məsələsinin ciddi təhlilə ehtiyacı var: “Qonşu dövlətlərdə bütün müəssisələr, xidmət obyektləri işləyir. Burda çıxış edən millət vəkilləri sahibkara, insanlara kömək etməyi tələb edirlər. Amma proses belə davam etsə, biz ikinci yarıda ciddi problemlərlə üzləşəcəyik. Nazirlər Kabineti, Operativ Qərargah hansı sahələrin işləməsinin mümkünlüyü barədə düşünməlidir. Bu məsələləri siyasiləşdirməyə ehtiyac yoxdur. Nazirlər Kabineti işləməsi mümkün olan müəssisələrinin siyahısını hazırlamalıdır. Büdcə sisteminə, büdcə qaydalarına dəyişiklik etməyimiz düzgün qərardır. Amma bu, uzun müddət davam edə bilməz. Müddəti uzatmaq çox ciddi problemlərə gətirib çıxara bilər. İstehsal sahələrinin təcili işləməsi lazımdır”.

Deputat qeyd edib ki, iqtisadi fəaliyyətlə bağlı ayrılan vəsaitdə nə “Azərsu”, nə də “Meliorasiya və Su Təsərrüfatı” ASC nəzərdə tutulub: “Bu gün bizim əsas problemimiz su ilə bağlıdır. Necə ola bilər ki, bu qurumlara vəsait ayrılmasın”.

Deputat bildirib ki, manatın taleyinə də aydınlıq gətirilməlidir: “İqtisadiyyatın böhran dövründə bu məsələ bizim üçün çox vacibdir. Dörd bank pandemiya dövründə bağlandı. Konstitusiya Məhkəməsi də hələ bununla bağlı qərar verməyib. İnsanlar əmanətlərini ala bilmirlər”.

# 5965
avatar

Oxşar yazılar