27 ildir “Zəngilan” deyən 82 yaşlı nənə  - VİDEO
26 oktyabr 2020 16:24 (UTC +04:00)

27 ildir “Zəngilan” deyən 82 yaşlı nənə - VİDEO

“Zəngilanı gecələr yuxuda görürüdüm, gündüz oyanırdım tapmırdım. Şükür Allahıma. O qədər çox sevinirəm ki... Zəngilanın işğaldan azad olunduğunu eşitdiyim vaxtdan, yatan kimi, ancaq oraları yuxuda görürürəm. Bütün Bakını versələr də, yenə Zəngilanı istəyirəm”.

Bu sözləri əslən Zəngilanın Genlik kəndindən olan Xədicə Həsənova deyir. Xədicə nənənin indi 82 yaşı var. Bu günlərdə sevincinin həddi-hüdudu olmayan Xədicə nənənin simasında güllər açıb. Çünki artıq doğma torpağı düşmən tapdağından azad olunub. Lent.az Xədicə Həsənovanın yaşadığı evdə olub, sevincini bölüşüb. O, deyir ki, xəbəri ilk dəfə ölkə başçısı İlham Əliyevin dilindən radiodan eşidib. Xəbəri alandan süfrəsi də, evinin qapısı da açıqdır:

 “Hələ də elə bilirəm ki, yuxudayam. Xəbəri eşidəndə əvvəlcə donub qaldım, nə edəcəyimi, sevincimi necə ifadə edəcəyimi bilmədim. Qonum-qonşu gözaydınlığına gəlir. Hamı sevinir”.

Xədicə nənə deyir ki, cavan yaşlarım o torpaqlarda keçirib:

“O qədər gözəl günlər görmüşəm. Şükür, öz Vətənimizdəyik, burada da yaxşı günlərimiz olub, amma Zəngilanın ləzzətini ala bilməmişəm. Zəngilana getmək istəyirəm. Gedib o buz bulaqlardan içim, əl-üzümü yuyub sərinləyim, təmiz havasından udum. Arzulayıram ki, Zəngilana gedib, qohum-qonşu ilə bir yerdə olaq, yenə əvvəlki kimi deyək-gülək”. Xədicə nənə hey dua edir. “Allah torpaqlarımızın işğaldan təmizlənməsində iştirak edən hər kəsi qorusun”- deyir. 27 illik həsrətinə son qoyulan X.Həsənova doğma torpaqlarından necə çıxdıqlarını yaxşı xatırlayır:

 “Hökumət təmsilçiləri bizə dedilər ki, Arazın qırağına gedirsiniz, qayıdacaqsınız. Evdəkilər üçün çörək bişirirdim. Qıza dedim ki, gətir bir də xəmir salaq, qayıdıb bişirərik. Fikirləşdim ki, orduda oğlum var o evə gələr, kişi də evdədir. Ac qalmasınlar. Bilmirəm ki, birdəfəlik çıxırıq. Saat 18:00-da gördüm ki, kəndin hamısı gedib. Nehrədə süd çalxalamışdım, onu yaxaladım ki, qayıdana kimi iylənər. Üzqoyula asdım. Üç-stəkan nəlbəki, bir-iki də qaşıq filan götürüb getdik. Evdə, həyətdə nə vardısa hamısı eləcə qaldı. Elə o gedən bu gedən oldu. Nələr çəkmədik ki...”.

Xədicə nənənin 8 övladı var- 5 oğlan, 2 qız. Nəvələrindən biri də hazırda döyüşlərdə yaralanıb və müalicə alır. Oğlanlarından Şirvan Həsənov da təəssüratlarını bizimlə bölüşür. Şirvan bəy, həm də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub:

“Sevincimi necə çatdırcağımı da bilmirəm. 27 ildir hər gün yatmazdan əvvəl internet vasitəsilə doğulduğum yerlərin, ümumiyyətlə bütün Qarabağın şəkillərinə baxıram. Nəsə məlumat oxuyub, sonra yatıram. Ali Baş Komandandan eşitdiyimiz bu xəbər bizi çox sevindirdi. Rəşadətli ordumuz bu gün tarix yazır. Bu tarix bizim gələcək nəsillər üçün bir örnək olacaq. Biz bununla fəxr edəcəyik. Ali Baş Komandanımıza, bütün əsgərlərimizə minnətdaram. Bizim başa çatdıra bilmədiyimiz işi işğaldan sonra doğulanların başa çatdırmağı mənim üçün fəxrdir. O övladlarla fəxr edirəm. Biz onlara borcluyuq. Bütün günü əsgərlərimiz üçün dua edirik. İnanırıq ki, tezliklə işğalda olan bütün torpaqlarımız azad olunacaq və ədalət yerini tapacaq”.

Aygün İbrahimli

Lamiyə Məmmədova

 

# 4507
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar