Sevdiyimizdən niyə küsürük? - Məşhur türkiyəli psixoloq Lent.az-a DANIŞDI
29 dekabr 2022 11:58 (UTC +04:00)

Sevdiyimizdən niyə küsürük? - Məşhur türkiyəli psixoloq Lent.az-a DANIŞDI

Sevdiyiniz insanla münasibətləriniz istədiyiniz kimi davam eləmirsə, o özünü sizin üçün anlaşılmaz aparırsa, problem partnyorunuzun uşaq vaxtı yaşadıqlarında və aldığı travmalardır.

Bu fikirləri Lent.az-a eksklüziv müsahibəsində türkiyəli psixoloq, münasibətlər üzrə terapist Selin Karacehennem səsləndirib.

“Sevgi münasibətlərini qadınlar və kişilər fərqli şəkildə anlayırlar. Hər insan da eyni şəkildə münasibət qura və bağlana bilmir. Mənə çox suallar gəlir. Soruşurlar ki, nə üçün hər zaman məni incidən insanları sevirəm, niyə qarşıma hər zaman belələri çıxır. Bu beynin oyunlarıdır. Uşaq vaxtı sevgi əskikliyi yaşayan, ən yaxın insanlarından bu diqqəti ala bilməyən insanlar böyüyəndə də o sevgi əskikliyini hiss edəcəkləri adamdan yapışırlar. Beyin acının dadını bilir, özünə tanış təcrübəni seçir. “Məni anam-atam belə doğru sevməyib, üzübsə demək sevgi üzücüdür, üzməlidir” düşüncəsilə o yenə üzən, incidən insanları tapır. Beyin dalğaları buna qadirdir. Təəssüf ki, o belə kodlanıb”, - deyə terapist bildirib. 

Selin Karacehennemin fikrinə görə, insanlarda ümumilikdə, 4 bağlanma tipi var: Qayğılı bağlanma, çəkingən bağlanma, dağınıq bağlanma və güvənli bağlanma.

Qayğılı bağlanma tipinə məxsus kişilər və ya qadınlar davamlı olaraq partnyorunun onun fikirlərini rahatlatmasını tələb edirlər. Hər zaman diqqət və yaxınlıq gözləyirlər. İstədikləri olmayanda çox sərt reaksiya verir, küsür, dava salırlar.

Bu tip qayğıları olan adamlar ikili münasibətlərdə addım atmaqda, güvənməkdə çətinlik çəkirlər. Heç bir səbəb yox ikən daim beyinlərində qara ssenarilər qururlar, partnyoru uzaqda olanda qısqanc və nəzarətçi bir xarakter sərgiləyirlər, qoyulan sədlər, sərhədlər onlara ayrılıq mesajı, təhdid kimi görünür. Araya girən ən kiçik soyuqluq bu adamlar üçün yaralayıcı olur, əsəbiləşirlər. Münasibətləri davam etdirmək qarşı tərəfə çətin olduğu üçün bu xarakter ayrılığa səbəb olur.

Çəkingən bağlanma tipinə sahib şəxslər yaxınlıq qurmaqdan, bağlanmaqdan qorxurlar. Onlar təklikdə daha xoşbəxt olduqlarını düşünürlər. Belə adamlar adətən ikili münasibətlərdə seçilən yox seçən tərəf olurlar. Kimsə onlara qarşı çox isti münasibət göstərəndə uzaqlaşır, rədd cavabı verirlər. Partnyor irəli bir addım atanda onlar bir addım geri gedirlər. Məsafələri daim qoruyan uzaq bir partnyordan daha çox xoşlanırlar.

Emosional dərinliyi olmayan uzun müddətli münasibətlər qurmaq istəyirlər. Partnyoru onları soyuq münasibətlərdə qınayanda onlar qarşı tərəfi diqqətə möhtac insan olmaqda ittiham edir. Narsist bir xarakter sərgiləyirlər. Əsasən, münasibətlərini güzgü effektində qururlar. Yəni qarşı tərəf nə eləsə eyni cavabı alır.

Dağınıq, çəkingən bağlanma tipinə məxsus insanlar sevgi münasibətlərində inciməkdən, könül ağrısı hiss etməkdən çox qorxurlar, elə buna görə münasibətlərdə araya divar hörməyi sevirlər. Bu uşaqlıq dönəmində yaşanmış diqqətsizlik, istismar kimi münasibətlərdən qaynaqlanır. Belə tip adamlar partnyorlarına qarşı bir anda böyük sevgi və ya nifrət hiss edə bilirlər. Yaxın münasibətlər onlar üçün dolaşıq görünür. Uzun müddətli münasibətlər qurmaq istəsələr də üzülməkdən qorxur və bunu haqq etmədiklərini düşünürlər. Bəzən partnyorlarına qarşı laqeyd, eqoist, güvənsiz, qırıcı olurlar.

Güvənli bağlanma tipinə sahib insanlarda empatiya hissi yüksək olub, hər şeyə sərhəd qoymağı bacarırlar. Qurduqları münasibətlərdə özlərini rahat və güvəndə hiss edirlər. Qarşı tərəf haqqında daim pozitiv fikirlərdə olurlar, yalnız qalmaqdan qorxmadan yeni münasibətlərə yelkən aça bilirlər. Münasibətləri dostcasına qurur, xoş niyyətli və hissiyatlı olurlar, hər hansı bir münaqişədə təmkinli davranır, ehtiyac olanda partnyorundan yardım istəməyi bacarır, lazım gələndə özləri yardımlarını əsirgəmirlər. Ən sağlam münasibət formasıdır, sevib sevilməklə yanaşı şəxsi həyatlarını da unutmur, qarşı tərəfin həyatını öz həyatlarının mərkəzi hesab etmirlər”, deyə o qeyd edib.

Sonda psixoloq bildirib ki, daha sağlam və güvənli münasibətlər qurmaq üçün insan özünü hər yaşda yetişdirə, kamilləşdirə bilər. Heç vaxt gec deyil və insani münasibətlərin yaşı yoxdur.

# 6594
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar