Hindistanın Bihar ştatında 2014-cü ildən rəsmi olaraq öldürüldüyü hesab edilən qadın 12 il sonra başqa adla sağ tapılıb. Bu müddət ərzində onun əri həbsdə olub və qətl işi üzrə əsas təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Şakuntala Devi 2014-cü ildə itkin düşüb. Onun qardaşı polisə müraciət edərək qadının cehiz məsələsinə görə ərinin ailəsi tərəfindən zorakılığa məruz qaldığını iddia edib.
Bir neçə gün sonra Xanda kəndi yaxınlığındakı kanaldan qadın meyiti tapılıb. Şakuntalanın qardaşı meyitin bacısına məxsus olduğunu təsdiqlədikdən sonra polis qətl işi açıb.
Şübhələr onun əri Arun Mehtanın üzərinə yönəlib. Bundan başqa, təqsirləndirilən şəxsin ailəsinin bəzi üzvləri də həbs olunub və illərlə davam edən məhkəmə proseslərinə cəlb ediliblər.
2026-cı ilin sentyabrında polis Şakuntalanı qonşu Carxand ştatında sağ tapıb. Məlumata görə, o, burada Kanti Devi adı ilə Rattu Sinqh adlı kişi ilə birlikdə yaşayıb.
Qadın Bihar ştatına gətirilərək məhkəmə qarşısına çıxarılıb. İndi onun özünə qarşı dələduzluq, polisi bilərəkdən yanlış istiqamətləndirmə və cinayətkar sövdələşmədə iştirak şübhələri ilə araşdırma aparılır.
Polis üçün isə əsas sual hələ də cavabsız qalır: 2014-cü ildə kanaldan tapılan qadın meyiti əslində kimə məxsus olub?