Bağçaya girib 13 uşağı girov  götürdü
10 oktyabr 2026 17:17 (UTC +04:00)

Bağçaya girib 13 uşağı girov götürdü

0

Braziliyada silahlı şəxs uşaq bağçasına basqın edərək 13 azyaşlını girov götürüb. Üç saatdan çox davam edən hadisə zamanı cinayətkar zərərsizləşdirilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kuritiba şəhərinin San-Braz rayonunda yerləşən bələdiyyə məktəbəqədər təhsil müəssisəsində qeydə alınıb.

Məlumata görə, bıçaq və saxta tapança ilə silahlanan kişi sinif otaqlarından birinə daxil olaraq 4-5 yaşlı 13 uşağı girov götürüb. O, azyaşlıları üç saatdan çox otaqda saxlayıb.

Cinayətkar otağa yanar maye də tökərək binanı yandıracağı ilə hədələyib.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları 3 saat kişini sakitləşdirməyə və uşaqları təhlükəsiz şəkildə azad etməyə çalışıblar.

Lakin danışıqlar zamanı həmin şəxs anlaşılmaz ifadələr işlədib və onun hərəkətlərinin səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Vəziyyət getdikcə gərginləşib. Uşaqların ciddi stress keçirdiyini görən polis əməkdaşları kişinin onlarla kobud rəftar etdiyini də müşahidə ediblər.

Xüsusi təyinatlılar otağa daxil olan zaman cinayətkar uşaqlardan birini tutmağa çalışıb. Onun əlində alışqan olub və otağı yandıracağı ilə hədələyib.

Əməliyyat nəticəsində o öldürülüb, 13 uşaq xilas edilib.

Polisin məlumatına görə, hadisə zamanı uşaqlardan heç biri ağır xəsarət almayıb.

Valideynlərin istəyi ilə beş uşaq təcili tibbi yardım şöbəsinə aparılıb. Onlardan yalnız birinin üzündə görünən sıyrıq xəsarətləri aşkarlanıb.

Kuritiba meriyası hadisədən sonra uşaqlara və ailələrinə psixoloji yardım göstərilməsi üçün mütəxəssislər cəlb edib.

Cinayətkarın kimliyi xüsusi təyinatlıların əməliyyatından sonra müəyyənləşdirilib. Məlumata əsasən, həmin şəxsə şizofreniya diaqnozu olub.

Onun uşaqlarla və ya təhsil müəssisəsi ilə hər hansı əlaqəsinin olub-olmadığı hələ müəyyən edilməyib.

Hadisənin motivləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar