"Dübəndidəki bağ evini  babam alıb" - İlqar Mustafayevin oğlu DANIŞDI
07 oktyabr 2026 12:22 (UTC +04:00)

"Dübəndidəki bağ evini babam alıb" - İlqar Mustafayevin oğlu DANIŞDI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində "Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, proses şahid ifadələri ilə davam edib.

Şahid qismində ifadə verən İlqar Mustafayevin oğlu M. Ə ibtidai istintaq zamanı ona iş yeri və əmlaklarla bağlı suallar verildiyini deyib:

"Prokuroluğun əmlaklarımızı dəyərləndirdiyi qiymətlərlə, onların real qiymətləri arasında fərqlər var. İbtidai istintaqda adı keçən "Ağ şəhərdə" olan əmlak tək bizim deyil, atamın əmisi oğlu ilə birgə alınıb. Pirallahının Gürgən qəsəbəsində yaşayış evi də daha öncədən alınıb, müqavilələri var. Mənim adıma sənədləşdirilib. Şüvəlanda olan torpağımız təxmini 17 il əvvəl alınıb. Dübəndidə bağ sahəsi və yaşayış evini babam alıb".

Şahid İ. S idarədə 2019-cu ildən Maliyyə şöbəsinin müdiri vəzifəsində çalışdığını, hazırda idarə heyətinin sədrinin müşaviri vəzifəsində işlədiyini bildirib:

"Rəhbərlik dəyişəndən sonra strukturda müəyyən dəyişiklik edilib. Bizim fəaliyyətimiz sənədlərlə və müqavilələrlə olub. Əməkhaqları işçilərin kartlarına ödənilib. Pulu qəbul edib sənədlə bank hesabına köçürmüşük. Vüqar Abbasovla Elyar Əliyevi tanıyıram. Bizim maliyyə şöbəsində kassir ştatı olmayıb. Yığılan pulları mühasib götürüb sənədlə bank hesabına mədaxil edib. Pul gəldikdən sonra qaydaya əsasən banka qoyulmalı idi. Biz Dövlət Vergi Xidmətinə məktubla bildirmişik ki, bu vəsaitlər bizə daxil olmayıb".

Növbəti proses 14 oktyabra təyin olunub.

Xatırladaq ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub. Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar