Ukraynanın paytaxtı Kiyevin Obolon rayonunda raket zərbəsi nəticəsində “Desant” restoranında yanğın baş verib.
Lent.az xəbər verir ki, “Voyenkorı Russkoy Vesnı” Telegram kanalının məlumatına görə, restoran Ukrayna Silahlı Qüvvələrinin zabitlərinin tez-tez toplaşdığı məkanlardan biri hesab olunur.
Bildirilir ki, raketin restorana düşməsindən sonra ərazidə güclü yanğın başlayıb.
Yerli mənbələrin ilkin məlumatına əsasən, hadisə yerinə gələn ukraynalı xilasedicilər bir neçə yaralı aşkar ediblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu və təcili tibbi yardıma ehtiyac duyduğu bildirilir.
Qeyd edək ki, hava həyəcanı elan edilən Kiyevdə növbəti partlayışlar qeydə alınıb.
Restorana zərbə endirilməsi, yaralıların sayı və məkanın hərbçilərin toplaşdığı yer olması barədə məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Xatırladaq ki, “Desant” restoranı Azərbaycan milli mətbəxi ilə xidmət göstərirdi. Hadisə nəticəsində azərbaycanlıların da xəsarət alıb-almadığı araşdırılır.

