Rusiyanın Mordoviya Respublikasında özünü kişi kimi təqdim edərək pizza restoranında işləyən 29 yaşlı Tacikistan vətəndaşı saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, fakt Ruzayevka rayonunda keçirilən “Nelegal-2026” əməliyyatı zamanı aşkarlanıb.
Polis əməkdaşları restoranda yoxlama apararkən özünü Nasim adlı kişi kimi təqdim edən qadının əslində Tacikistan vətəndaşı olduğunu müəyyən ediblər.
Sənədlərin yoxlanılması zamanı qadının Rusiyada qanunsuz yaşadığı, şəxsiyyətini təsdiq edən sənədinin və iş icazəsinin olmadığı üzə çıxıb.
Qadın barəsində inzibati protokollar tərtib edilib. Məhkəmənin qərarı ilə o, 8 min rubl məbləğində cərimələnib.
Hazırda qadın xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilib və Rusiyadan deportasiya olunmasını gözləyir.
Bundan başqa, qadını qanunsuz şəkildə işə götürən müəssisə ilə bağlı da polis araşdırmaya başlayıb.