"Oğru dünyası" ilə əlaqəli 80 nəfər tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
03 oktyabr 2026 13:31 (UTC +04:00)

"Oğru dünyası" ilə əlaqəli 80 nəfər tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

0

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə son 24 saat ərzində Tbilisi və regionlarda genişmiqyaslı polis əməliyyatı keçiriblər.

Lent.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əməliyyat nəticəsində “oğru dünyası” ilə əlaqəsi olduğu bildirilən 80 nəfər saxlanılıb. Daha 14 nəfərə ittiham veriləcək. Onların bir qisminə penitensiar müəssisədə, digər qisminə isə qiyabi şəkildə ittiham elan olunacaq. Həmin şəxslər arasında xaricdə olan bir “qanuni oğru” da var.

Hüquq-mühafizə orqanlarının intensiv araşdırması, o cümlədən hakimin qərarı əsasında həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, xaricdə yaşayan “qanuni oğru” Giorgi Gogoladzenin adı və himayəsi ilə onun ətrafında olan şəxslər mütəmadi olaraq “oğru razborkaları” təşkil edib və qərarları “oğru ənənələri”nə uyğun şəkildə veriblər.

Məlumata görə, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda və müxtəlif məkanlarda tərəflər arasında yaranan maliyyə mübahisələrini araşdırıblar. “Oğru razborkası”nın nəticəsinə əsasən, mübahisə edən tərəflərdən birinin digər tərəfə, həmçinin özlərinin xeyrinə müəyyən məbləğdə pul ödəməsi tələb olunub.

Bu öhdəliyin yerinə yetirilmədiyi və ya müəyyən edilən müddətin pozulduğu hallarda isə vətəndaşların fiziki zorakılıqla və hətta öldürülməklə hədələndiyi bildirilir.

Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxslərin üzərində, yaşayış yerlərində və avtomobillərində apardıqları axtarışlar zamanı kompüter texnikası və mobil telefonları maddi sübut kimi götürüblər. İstintaqın məlumatına görə, həmin vasitələrlə şübhəlilər bir-biri ilə və xaricdə yaşayan “qanuni oğru” ilə əlaqə saxlayıblar.

Axtarışlar zamanı həmçinin odlu silahlar, pul və narkotik vasitələr aşkarlanaraq götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223, 223, 223 və 236-cı maddələri ilə aparılır. Bu maddələr üzrə təqsirli bilinən şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Gürcüstan Daxili İşlər Nazirliyi bəyan edib ki, mütəşəkkil cinayətkarlığa, xüsusilə “oğru dünyası”na qarşı mübarizəni fəal şəkildə davam etdirəcək.

Nazirlik qanunla verilmiş səlahiyyətlər çərçivəsində “oğru dünyası”nın fəaliyyətində iştirak edən, ona yardım göstərən, cinayət yolu ilə vətəndaşlara təzyiq etməyə və maliyyə qazancı əldə etməyə çalışan şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar