Paltarı qana boyandı, yenə səhnəyə çıxdı – Gənc ifaçı nələr danışdı?
18 noyabr 2022 18:10 (UTC +04:00)

Paltarı qana boyandı, yenə səhnəyə çıxdı – Gənc ifaçı nələr danışdı?

Lent.az “O səs Azərbaycan” yarışmasında 2021-ci ildə iştirakçısı olmuş Minaya Hüseynova ilə müsahibəni təqdim edir:

-    Minaya, sizi tanıyaq. Özünüzdən, ailənizdən danışardınız.

-    Minaya Hüseynova, ixtisasca diplomatam. Diplomatiya üzrə və beynəlxalq layihələrdə təşkilatçı olaraq, fəaliyyət göstərirəm. Həmçinin, ifaçıyam. 

-    Sizin üçün iki sahəni idarə etmək çətin olmur?

-    Əslində, ikisi də bir-birinə bağlıdır. Demək olar ki, Azərbaycanın mədəniyyət çərçivəsində olan layihələrində mədəniyyəti təbliğ edirik. Bura rəqqaslar, ifaçılar, “make-up”çılar və s. daxildir. Tamamilə, yeni bir yönə uyğunlaşmışam. Belə deyim.

-    Kimsə sizi musiqi sahəsində kəşf edib, yoxsa?

-    Xeyr, deməzdim. Sadəcə uşaqlıqdan həvəsim var idi musiqiyə. Evdə pianomuz var idi. Bir dəfə televiziyada musiqi ifa olunurdu. Anam gördü ki, pianoda notlara düzgün basıram. Bildilər ki, eşitmə qabiliyyətim yüksəkdir. Ailəm musiqi yönümlü olmayıb. Sadəcə nənəm istəyib ki, musiqi təhsili alım. Anam istəməsə də, qarşı da çıxmayıb. Onu vurğulayım ki, atam və anam qədər mənə dəstək verən yoxdur. 

-    Yəni, ailəniz sizi musiqidə görmək istəmirdi.

-    Məni ali təhsilə yönəltmək istəyirdilər. Musiqi üzrə 6 dəfə respublika birincisi olmuşam, məktəbi qırmızı diplom və fərqlənmə ilə bitirmişəm. Universiteti də fəxri tələbə kimi başa vurmuşam. Öz ixtisasımı belə valideynlərim seçib, mən istəmirdim. Düşünürdüm ki, valideynlərim bunu məsləhət görürlərsə, niyə qarşı çıxım? Anam və atam dövlət qulluqçularıdır. Ona görə bu ixtisasın daha perspektivli bir sahə olduğunu başa düşdüm. 

-    Universitet illəri bəs sizin üçün necə keçib?

-    Universitetə 15 yaşımda daxil olmuşam. Bir dəfə dekan mənə dedi ki, istəyirəm Tələbə və Gənclər Təşkilatında sədr olasan. Təəccüblə qarşıladım və razılaşdım. İki mindən artıq komandam, könüllülərim  və s. var idi. Beləcə yerli və beynəlxalq layihələrə cəlb olundum.

-    Bəs “O səs Azərbaycan” layihəsinə necə oldu qatıldınız?

-    O yarışmaya qatılmağı çox istəyirdim. Sadəcə, valideynlərim icazə vermirdi və atamın istəyi ilə dövlət qulluğuna hazırlaşırdım. Gəldim müəlliməmin yanına və vəziyyəti izah etdim. Dedim ki, videomu onlara göndərmişəm, qəbul ediblər, ancaq valideynlərim razı deyil. Mənə dedi ki, onlara qulaq asmalısan. Ancaq sabahı gün müəlliməm dedi ki, yarışmanın müqaviləsini imzalamağa gedirik. Beləcə, valideynlərim də müəlliməmin dəstəyini görüb razı oldular. Yəni, məni ora aparan müəlliməm oldu. Sevinirəm ki, atam və müəllimlərim hər zaman arxamdadırlar. 

-    Bir az da yarışmadan söhbət açaq. Ab-hava necə idi orada?

-    Çox fərqli bir ab-hava var idi. Oradakı bir çox iştirakçılar Milli Konservatoriyanın və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri idi. Yaradıcılıq sahəsində peşəkar təhsil görmüş insanların arasında idim. 

-    Sizin ikinci çıxışınız zamanı səhnə geyiminin xüsusi mənası vardı, yoxsa stilistin seçimi idi?

-    Təbii ki. Oradakı geyimimin torpaq rəngdə olması da təsadüfi deyil. Geri qaytarılmış torpaqlarımızın və Azərbaycanın od ölkəsi olduğunu bildirirdi. Ayaqqabımın, dırnaq boyamın və üzümdəki ağ naxışların ağ rəngdə olması isə sülhü təmsil edirdi. Yəni, əlimizdəki sülh atdığımız addımlardan asılıdır. Göy qaşlı üzüklərim türkçülüyü göstərirdi. “Battle”da mahnının ortasında başımdakı bandananı çıxarıb rəqib tərəfə yox, qırağa atmağımın mənası onda idi ki, musiqidə müharibə ola bilməz. Çıxışımda həm siyasilik var idi, həm də mesajlar ötürmüş oldum. Düzdür, çoxları başa düşmədi bu mesajları. Hətta bir neçə tədbirdə dinləyicilərimdən bəzisi başlarında bandana ilə gəlirlər və bandananı çıxarıb atırlar. Bu da mənim ilə onlar arasındakı bir bağdır. Bu, məni sevindirir. 

-    Orada başınıza hansı maraqlı hadisələr gəldi?

-    Birinci turda hər kəsin valideynləri onlara dəstək üçün gəlmişdi. Mən tək idim. Düzdür, yaxın rəfiqəm və bir neçə dostum gəldi. Baxıb qibtə edirdim. Səhnəyə çıxmağa az qalmış stressdən dolayı burnumdan qan açılmağa başladı. Atlas, çəhrayı əlbisəm qana bulandı. Geyimimi suya salıb çıxardılar və onu geyindim. Elə formada səhnəyə çıxdım. Yaş paltarda titrəyirdim, qorxurdum, aləm qarışmışdı bir-birinə. 

-    Bəs necə çıxdınız vəziyyətdən?

-    Burundan qan gələndə qorxdum ki, boğazıma dolar və səsim batar. Qorxduğum başıma gəldi. İfadan əvvəl səhnədə özümə dedim ki, heç nə olmaz, pis də olsa, oxuyacağam. Oxudum, rahat ifamı başa vurdum. 


-    Yarışmada ədalətsizliklə qarşılaşdınızmı?

-    Mən Murad Arifin komandasında idim. O, nəinki mənə, bütün iştirakçılara qarşı çox diqqətlə yanaşırdı. Digər münsiflər də həmçinin. Üçüncü turda mən Loreenin “Euphoria” mahnısını ifa edəcəkdim. Hər şey hazır idi. Sadəcə, çıxışa bir neçə gün qalmış bərk xəstələndim. Səs batıb, səs yoxdur. Məşq zamanı ağladım ki, nə edəcəyəm? “Euphoria” onsuz da çətin mahnıdır, zil yerində səsim qırıldı. Yəni, uğursuz oldu və öz şansım mənə qarşı ədalətsizlik etdi. Murad Arif isə mənə axıra kimi dəstək oldu. Mən məşq edəndə gah musiqiçilərin yanında yerdə əyləşirdi, gah küncdə əyləşib izləyirdi. Etməyə də bilərdi. Diqqətini və zamanını ayırmaya da bilərdi. Düşünürəm ki, o, mədəniyyəti düzgün şəkildə təmsil edir və gənc ifaçılara yol açmaq üçün onlara yüksək səviyyədə dəstək verir. Onun mənim üçün etdiyi yaxşılıqları, üzərimdəki əməyini unutmaram. 

-    Necə düşünürsünüz, Azərbaycanda gənc ifaçılar lazımi dəstəyi, diqqəti ala bilirmi?

-    Almır. Hətta belə bir hadisə danışım. Bəzi dövlət qulluqçuları müxtəlif işlərdə özlərini çox fərqli cür göstərirlər. Dövlət tərəfindən istənilən layihələrdə təşkilatçı qismində çox ciddi və rəsmi şəkildə işləyirik. Ancaq ifaçı kimi işləyəndə artıq problem yaranır. Niyə? İfaçı qismində xarici vətəndaşların, rəsmilərin qarşısında ölkəni təmsil etmək asan məsələ deyil. Çünki “ifaçıdır da, oxumayacaq başqasını çağıracağıq” deyib bizim işimizə qarşı hörmətsizlik edirlər. İfaçılar olmayan tədbir kremsiz tortdur. Ənənəvi ifaçılara qarşı olan davranışlarının nəticəsində düzgün dərk edə bilmirlər ki, ifaçı kimdir. Azərbaycanda bəzi müğənnilərə bayağı kimi baxırlar. Əslində, ifaçılar insanların mental səviyyəsinə düşməməlidir. Əksinə, o, insanları öz mental səviyyəsinə qaldırmalıdır. Bilim ki, bu gün 100 dinləyicim var və sabah onlar 200-ə çevriləcək. Ancaq keyfiyyətli dinləyicilərdirsə, bu elə ən yaxşıdır. 

-    Xalq artisti Mübariz Tağıyev deyir ki, müsabiqələr siyasiləşib. İstedadlı uşaqların maliyyə imkanı yoxdur, deyə onlar SMS qazana bilmədiyindən müsabiqəni tez tərk edir. Bunu “O səs Azərbaycan” yarışmasına aid etmək olar?

-    Bu, “O səs Azərbaycan”a şamil olunmamalıdır. Çünki finala kimi səsvermə yox idi. Hər şey yalnız münsifdən asılı idi. Bizi seçən onlar idi və bu, əvvəldən planlaşdırılmış bir qərar da deyildi. Səhnədə nə oxuyub təqdim etdinsə, ona uyğun qiymətləndirilirsən. Mübariz bəy “Yeni ulduz”da, “Azərbaycanın səsində və digər müsabiqələrdə münsif olub. Bunlar hər biri səsverməyə yönəlmiş idi.  “O səs Azərbaycan”da isə haqsızlıq, rüşvət və ədalətsizlik yoxdur. 

-    Azərbaycanlı müğənnilərdən kimlərə qulaq asırsınız, kimlərə yox? Kimləri bəyənirsiniz?

-    Aygün Kazımovanı uşaqlığımdan çox sevirəm. O, mənim ikonamdır. Anam deyir ki, televiziyada onun səsini eşidəndə donub qalırdın yerində. Ancaq onu izləyirdim. Doğrudan da Aygün fərqlidir və əsl şou yaradan biridir. Aygün Kazımova deyəndə ağıla gələn ilk şey şoudur: rənglər, geyimlər, ifalar, kliplər, rəqslər və s. Röyanın isə səsinə heyranam, o, tam başqadır. İnsana onun səsi ən çətin, yorğun və kədərli vaxtında toxunur. Daha sonra Zamiq Hüseynovu, Səmranı və s. bəyənirəm. 

-    Bəs kimləri bəyənmirsiniz?

-    Bəyənmirəm desəm, bu, ağır olar. Kiminsə əməyinə qarşı hörmətsizlik etmək istəmirəm. Deyə bilərəm ki, daha çox ara sözlərindən, arqolardan istifadə olunan, “Palatka” toyu janrında olan ifaları xoşlamıram. Təbii ki, onların da öz kütləsi var. 

-    Məsələn, müğənni Damlaya qulaq asırmı Minaya?

-    Onun çox fərqli səs tembri var. İnsanların çoxu Damlanı görəndə, konsertdə ağlayır. Hər oxuyanın öz dinləyicisi var. Maddiyyat da, kütləyə necə xitab etmək də rol oynayır burada. 

-    Deyirlər ki, musiqi karyerasında irəliləmək üçün təkcə istedad yetərli deyil, başqa faktorlar da rol oynayır. Bu barədə nə deyə bilərsiniz?

-    Bu, təkcə yaradıcılıq sahəsində belə deyil. Bütün sahələrdə, başqa ölkələrdə də belədir. Düşünürəm ki, mən nəyisə bacarıramsa və bunun uğrunda nələrsə edəcəyəm, artıq özümdən asılıdır. Şansdan da əlavə, əsl  ifaçı doğuşdan ifaçı olur. Maddiyyat o qədər də rol oynamır, məncə. O qədər imkansız ailədən çıxan, kəşf edilən yaradıcı insanlar var ki, çox zəngin olurlar. Yaradıcılıq mistik bir gücdür və onun qarşısında nə maddiyyat, nə də digər faktorlar dayana bilər. Yaradıcı insanla yaradıcılığa meylli bir insanın arasında bir körpü var. O balansı qorumaq lazımdır. 

-    Avroviziyada iştirak etmək arzunuz var? 

-    Təbii ki. Bir ifaçı kimi istəyərdim ki, ölkəmi beynəlxalq yarışmada qürurla təmsil edim. Həm şounu, həm fərqliliyi, həm də sətiraltı mesajları çatdırmağı sevən biriyəm. İzləyicinin diqqətinə mənalı mesajlar çatdırmaq istəyirəm. 

-    Yeni layihələr təqdim edəcəksiniz?

-    Yeni mahnım üzərində işlər gedir. Adını hələlik deyə bilmərəm, ancaq bu ayın sonu yayımlanacaq. 
 

# 4248
avatar

Nigar Namiq

Oxşar yazılar