Samirədən  meyxanaçılara: "Hərəsi yanına bir qız salıb..."
10 yanvar 2023 14:32 (UTC +04:00)

Samirədən meyxanaçılara: "Hərəsi yanına bir qız salıb..."

“Meyxana deməyə istedadım varsa, niyə də deməyim? Burada ayıb nə var ki? Sözümü də, fikrimi də meyxana ilə necə lazımdır çatdırıram. Bircə kişi ifaçılar kimi sözümü söyüşlə çatdırmıram. Ona görə meyxanada qadın-kişi bərabərsizliyi görürük”. 

Bu sözləri Lent.az-a açıqlamasında meyxanaçı Samirə Yusifqızı deyib. O, qadın meyxanaçıları tənqid edənlərə cavab verib:

“Bu gün “meyxana qadın sənəti deyil” deyənlər dünən, srağagün mənimlə birgə meyxana deyirdilər. Bərabər məclislər aparmışıq. Fikirlərə hörmət edirəm. Ancaq bizim qadınlarımız hər yerdə öz sözlərini deyirlər. İstər meyxana sənətində, istər başqa sahədə. Sənətin fərqi yoxdur, sənətkarın fərqi var. Burada ayıb nə var ki? Əgər bu, Allah tərəfindən insana verilibsə, nəyə görə bunu istifadə etməyək? Mən ali savadlı müğənniyəm. Meyxana deməyə istedadım varsa, niyə də deməyim? Bu, mənim fitri istedadımdır. Sözümü də, fikrimi də meyxana ilə necə lazımdır çatdırıram. Bircə kişi ifaçılar kimi sözümü söyüşlə çatdırmıram”. 

Samirə xanım ədəbiyyat əhlinin bəzi nümayəndələrinin meyxanada qadın və kişi ifaçıların arasındakı ayrı-seçkiliyinin olması iddiasına da münasibət bildirib:

“Əvvəla, meyxanada ona görə qadın və kişi ifaçılar arasında fərq var ki, səs diapazonları üst-üstə düşmür. Kişi səsi ilə qadın səsi fərqlidir deyə, onların dediyi kimi meyxana desək, gərək qışqıraq. Qışqıra-qışqıra meyxana deyə bilmərik axı. Bəm səslə də ifa edə bilmərik. İkincisi isə Bakı-Abşeronda baş tutan elə toylar var ki, orada ancaq kişilər olur. Yəni kişi məclislərində qadınların iştirak etmirlər. Orada qadın muğam oxuyanları, qadın müğənniləri dəvət edirlər. Nə yaxşı onlara olar, qadın meyxanaçılara olmaz? Bunun nə fərqi var ki? 

Bundan əlavə, qadın və ya kişi sənəti yoxdur axı, ay başınıza dönüm. Qadın fəhlələr yoxdur? Qadın daş qaldırmır? Divar hörmür? Meyxanada qadın-kişi bərabərsizliyi yoxdur. Qadın meyxanaçıları qəbul etməyən, tənqid edən meyxanaçılar qadınlarla birgə toylarda oxuyurlar. Yeri gəlsə, Ehtiram-İntiqam qardaşları ilə bütün Rusiyanı gəzirəm. Azərbaycanlıların toylarını necə lazımdır aparırıq. Meyxana da deyirik, mahnı da oxuyuruq. Bəs qadın meyxanaçıları qəbul etməyənlərin hamısı yanına bir qız salıb, gedib oxuyurlarsa, onda yaxşı olur?”.

# 5124
avatar

Nigar Namiq

Oxşar yazılar