Türk klassik musiqisinin “Sənət Günəşi” adlandırılan məşhur nümayəndəsi Zəki Mürənin 1980-ci ildə əməliyyatdan əvvəl yazdığı vəsiyyət xarakterli məktub yenidən gündəmə gəlib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, məlumata görə, Zəki Mürən 1980-ci il martın 14-də Parisdə keçirəcəyi estetik əməliyyatdan əvvəl anası Hayriyə Mürənə məktub yazıb. Uzun sürəcəyi gözlənilən əməliyyatdan sağ çıxmamaq ehtimalını nəzərə alan sənətçi illərlə qazandığı sərvətin gələcək taleyi ilə bağlı istəyini həmin məktubda qeyd edib.
Zəki Mürən məktubu yaxın dostu Erkan Özərmana verib. O, yazdıqlarının öz iradəsini əks etdirdiyini göstərmək üçün şüurunun tam yerində olduğunu da xüsusi olaraq vurğulayıb.
Sənətçinin ən diqqətçəkən istəyi isə adına fond yaradılması olub. Zəki Mürən ölümündən sonra bütün maddi var-dövlətinin “Mürən Fondu”nda toplanmasını və həmin vəsaitin maddi imkanı olmayan insanların sağlamlıq problemlərinin həllinə sərf edilməsini istəyib.
Məlumatlara görə, Parisdə keçiriləcək estetik əməliyyatın təxminən 8 saat davam edəcəyi gözlənilib. Lakin əməliyyat 5 saat yarım çəkib.
Əməliyyatdan sağ çıxan Zəki Mürən Türkiyəyə qayıtdıqdan sonra dəyişən görünüşü ilə də uzun müddət gündəmdə qalıb. İllər sonra yenidən ortaya çıxan məktub sənətçinin sərvətinin gələcəyi ilə bağlı verdiyi diqqətçəkən qərarı bir daha gündəmə gətirib.