Bir çox insan üç və ya dördqat tualet kağızını daha keyfiyyətli, yumşaq və etibarlı hesab edir. Lakin həkimlər bildirirlər ki, qatların çox olması daha yaxşı gigiyena demək deyil.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, əksinə, qalın və ətirli tualet kağızı həm dəriyə, həm də kanalizasiya sisteminə problem yarada bilər.
Proktoloq Vyaçeslav Bulayevin sözlərinə görə, ikiqat və dördqat tualet kağızının təmizləmə effektivliyi arasında ciddi fərq yoxdur. Daha çox qat həssas dərini daha yaxşı qorumaq və ya daha yüksək gigiyena təmin etmək demək deyil.
Mütəxəssislər vurğulayırlar ki, tualet kağızı qalınlığından asılı olmayaraq dərinin səthini tam təmizləyə bilmir. Hemorroyu və ya müəyyən həssaslıq problemləri olan insanlarda quru kağızla silinmək qıcıqlanmanı artıra və narahatlığı gücləndirə bilər.
Qat sayı deyil, səth quruluşu daha vacibdir
Həssas dərisi olan insanlara tualet kağızı seçərkən qatların sayından çox kağızın səthinə diqqət yetirmək tövsiyə olunur. Relyefli və yumşaq teksturaya malik kağız dəri üçün daha zərif ola və qıcıqlanma ehtimalını azalda bilər. Bununla belə, çox kobud və sərt səthli məhsullar həssas nahiyədə əlavə narahatlıq yarada bilər.
Qalın kağız kanalizasiyanı tıxaya bilər
Çoxqatlı tualet kağızının digər mənfi tərəfi onun kanalizasiya sisteminə təsiridir. Dördqat kağızda sellüloza daha çox olduğuna görə o, suda daha gec parçalanır. Bu da borularda tıxanma riskini artıra bilər. Problem xüsusilə köhnə binalarda, çoxmənzilli evlərdə, köhnə drenaj sistemlərində və su təzyiqinin zəif olduğu yerlərdə daha çox özünü göstərə bilər.
İki və üçqat tualet kağızı isə adətən suda daha tez parçalandığı üçün kanalizasiya sistemi üçün daha uyğun hesab edilir. Kağızın nə qədər tez parçalandığını evdə də yoxlamaq mümkündür. Bunun üçün bir vərəqi su dolu stəkana atmaq və iki-üç dəqiqə gözləmək kifayətdir. Əgər kağız bu müddətdə parçalanmağa və ya laylara ayrılmağa başlamırsa, kanalizasiyada da daha gec həll ola bilər.
Ətirli tualet kağızı qıcıqlanma yarada bilər
Mütəxəssislər rəngli və ətirli tualet kağızına qarşı da ehtiyatlı olmağı tövsiyə edirlər. Süni rəngləndiricilər və ətirverici maddələr intim nahiyədə qaşınma, qızartı, qıcıqlanma və allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən həssas dərisi və allergiyaya meyli olan insanlara sadə, ağ, rəngləndiricisiz və ətirsiz tualet kağızı seçmək tövsiyə olunur.
Beləliklə, daha qalın və daha çoxqatlı kağız həmişə daha yaxşı seçim deyil. Əsas diqqət məhsulun yumşaqlığına, səth quruluşuna, suda tez parçalanmasına və əlavə ətir və rəngləndiricilərin olmamasına yönəldilməlidir.