Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələb etməyən məhsul kimi görünür. Lakin hətta soyuducuda belə, qısa müddətdə xoş ətrini itirə, digər qidaların qoxusunu özünə çəkə və səthində arzuolunmaz dəyişikliklər yarana bilər. Bunun əsas səbəbi kərə yağının tərkibində yüksək miqdarda yağın olmasıdır.
Yağlar ətraf mühitdəki müxtəlif qoxuları asanlıqla özünə hopdurur. Buna görə də məhsulun təzəliyini qorumaq üçün düzgün qablaşdırma və saxlama yerinin seçilməsi mühüm əhəmiyyət daşıyır.
Kərə yağını soyuducuda harada saxlamaq lazımdır?
Kərə yağını qapaqlı yağ qabında və ya hava keçirməyən konteynerdə saxlamaq daha məqsədəuyğundur. Əgər məhsul folqa və ya digər zavod qablaşdırmasında satılırsa, paketi açdıqdan sonra həmin qablaşdırmanı tamamilə çıxarmaq tövsiyə edilmir. Çünki bu örtük yağı hava ilə təmasdan və yad qoxulardan əlavə olaraq qoruyur.
Kərə yağını kolbasa, kəsmik, balıq, hisə verilmiş məhsullar və kəskin qoxusu olan digər qidaların yanında açıq boşqabda saxlamaq düzgün deyil. Soyuducu təmiz olsa belə, yağ zaman keçdikcə ətrafdakı məhsulların qoxusunu özünə çəkə bilər. Nəticədə onun təbii dadı və ətri dəyişər.
Gündəlik istifadə üçün yağdan kiçik bir hissə kəsib ayrıca qapaqlı qaba qoymaq olar. Qalan hissəni isə yaxşı qablaşdırılmış vəziyyətdə soyuducuda saxlamaq məsləhətdir. Burada temperatur da mühüm rol oynayır.
Kərə yağını soyuducunun qapısında deyil, temperaturun daha sabit olduğu soyuq bölmələrdə saxlamaq tövsiyə edilir. Çünki soyuducunun qapısı tez-tez açılıb-bağlandıqda temperatur dəyişir. Bu isə məhsulun saxlanma şəraitinə mənfi təsir göstərə bilər.
Kərə yağını bir neçə ay necə saxlamaq olar?
Əgər çox miqdarda kərə yağı almısınızsa və ya ondan yalnız müəyyən vaxtlarda istifadə edirsinizsə, ən əlverişli üsullardan biri məhsulu dondurmaqdır. Dondurulma kərə yağının saxlanma müddətini uzatmağa kömək edir. Bunun üçün yağın qablaşdırmasını əlavə olaraq folqa ilə bükmək və ya onu hava keçirməyən paketə, yaxud konteynerə yerləşdirmək lazımdır. Beləliklə, məhsulun hava ilə təması azalır və dondurucudakı digər qidaların qoxusunu özünə çəkməsinin qarşısı alınır.
Mətbəxdə işinizi asanlaşdıracaq üsullardan biri də yağı dondurmazdan əvvəl kiçik hissələrə bölməkdir. Bu halda bir neçə sendviç hazırlamaq və ya yeməyə az miqdarda yağ əlavə etmək üçün bütün paketi əritməyə ehtiyac qalmayacaq.
Dondurulmuş kərə yağını tədricən əritmək daha yaxşıdır. Bunun üçün onu dondurucudan çıxarıb soyuducunun adi bölməsinə yerləşdirmək lazımdır. Tam əridilmiş kərə yağını yenidən dondurmaq tövsiyə edilmir. Bu proses məhsulun dadına və quruluşuna mənfi təsir göstərə bilər.
Kərə yağını saxlayarkən hansı səhvlərdən qaçmaq lazımdır?
Kərə yağını otaq temperaturunda, xüsusilə isti mühitdə uzun müddət saxlamaq olmaz. Yüksək temperatur məhsulun təzəliyini və xoş ətrini daha tez itirməsinə səbəb ola bilər. Yağı qablaşdırmasız və ya yuyucu vasitənin qoxusu qalmış qablarda saxlamaq da düzgün deyil. Çünki kərə yağı yad qoxuları asanlıqla özünə hopdurur. Məhsuldan acılaşmış və ya xoşagəlməz qoxu gəlirsə, dadı dəyişibsə, yaxud səthində xarab olma əlamətləri yaranıbsa, ondan istifadə etməmək daha təhlükəsizdir.
Mütəxəssislərin tövsiyələrinə əsasən, kərə yağının keyfiyyətini qorumağın əsas sirri onu hava, istilik və kəskin qoxulu məhsullardan uzaq saxlamaqdır. Düzgün qablaşdırma, sabit temperatur və ehtiyac olduqda dondurma üsulundan istifadə etməklə kərə yağının dadını və təzəliyini daha uzun müddət qorumaq mümkündür.