1971-ci ildə sınaq məqsədilə hazırlanan nadir Eyzenhauer dolları yenidən hərraca çıxarılıb. Daha əvvəl 264 min dollara satılan sikkə uzun illər adi kolleksiya nümunələrinin arasında qalıb və yalnız 2008-ci ildə diqqət çəkib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, satış onlayn hərrac evi tərəfindən keçirilir. Hərrac oktyabrın 18-də başa çatacaq.
“Judd-2147” nömrəsi ilə kataloqa daxil edilən sikkə ABŞ Sikkəxanasının kosmos mövzulu ilk dollarının günümüzə qədər gəlib çatdığı məlum olan cəmi üç sınaq nümunəsindən biridir.
Adi sikkələrin arasından tapılıb
Nadir dollar 2008-ci il fevralın 15-də Kaliforniyada keçirilən “Long Beach Coin Expo” sərgisində aşkarlanıb. Kolleksiyaçı Li K. Lidston sərgiyə həyat yoldaşı Denizlə birlikdə gedib. Deniz tərkibində 40 faiz gümüş olan Eyzenhauer dollarlarını silindrik qablarda satan bir satıcını görüb.
Qablardan birindəki sikkələri yoxlayan Lidston üzərində “1971-S” işarəsi olan dolların digərlərindən fərqləndiyini sezib. Sikkənin səthi qeyri-adi olub, üzərindəki təsvirlər son dərəcə aydın seçilib. Arxa tərəfdəki Ay təsvirinin detalları da kütləvi istehsal olunan nümunələrlə uyğun gəlməyib.
Lidston sikkənin tanıdığı nümunələrdən fərqləndiyini anlayaraq onu alıb və ekspertizaya göndərib.
Nadirliyini Ay təsviri üzə çıxarıb
Mütəxəssislər sikkəni arxiv materialları ilə müqayisə ediblər. Məlum olub ki, onun arxa üzündəki təsvir 1970-ci ilin əvvəllərinə aid metal modellə uyğun gəlir. Həmin model Kanzas ştatının Abilin şəhərindəki Duayt D. Eyzenhauer Prezident Kitabxanası və Muzeyində saxlanılır.
Əsas fərq Ay səthinin təsvirində görünür. Baş qravüraçı Frenk Qasparro dizaynın ilkin mərhələsində Ay kraterlərini daha detallı işləyib. Lakin kütləvi istehsala başlanmazdan əvvəl bu detalların bir çoxu dəyişdirilib və ya çıxarılıb.
Sikkədə onu hazırlamaq üçün istifadə olunan qəlibin cilalanma izləri, bəzi yazıların ətrafında nahamar kənarlar və ayrı-ayrı təsvir elementlərinin cüzi ikiləşməsi də müşahidə olunub. Təsvirlərin səthə xüsusilə aydın həkk edilməsi də diqqət çəkib.
Sonrakı metal tərkibi analizləri sikkənin 40 faiz gümüş və 60 faiz misdən ibarət olduğunu təsdiqləyib. Bu, həmin dövrün kolleksiya sikkələrində istifadə olunan standart tərkib olub.
Digər nadir nümunə cəmi 10 dollara alınıb
Sonradan daha iki belə sikkə aşkarlanıb. Bu tapıntılar sınaq nümunələrinin hazırlanmasında iki fərqli ön və arxa üz qəlibi cütündən istifadə olunduğunu göstərib.
2010-cu ildə kolleksiyaçı Çarlz Çetem ikinci nümunəni Alabama ştatındakı lombarddan cəmi 10 dollara alıb. Sikkə orijinal “Blue Pack” qablaşdırmasında olub.
Onun arxa üzü Lidstonun tapdığı dollarla eyni qəliblə hazırlansa da, ön üzü üçün başqa qəlibdən istifadə edilib. Fərq “LIBERTY” sözünün hərflərində nəzərə çarpıb.
Üçüncü sınaq nümunəsi isə 2013-cü ildə “eBay”də aşkarlanıb. Bu sikkə Lidstonun tapıntısı ilə eyni qəlib cütü vasitəsilə hazırlanıb. Sonradan PCGS qiymətləndirmə xidməti ona “SP66” dərəcəsi verib.