Tualetin nə qədər tez-tez təmizlənməsi ilə bağlı fikirlər fərqlidir. Bəziləri unitazın hər gün yuyulmalı olduğunu düşünür, digərləri isə yalnız gözlə görünən çirk yarandıqda təmizliyə başlayır. Ekspertlər isə bu məsələdə optimal tezliyi açıqlayıblar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya Təmizlik Şurasının mütəxəssisi Deliya Kanninqs beş nəfərlik ailə üçün unitazın həftədə bir dəfə əsaslı şəkildə təmizlənməsinin kifayət etdiyini bildirib. Onun sözlərinə görə, ehtiyac yarandıqda aralıq günlərdə yüngül silmə də aparmaq olar. Təmizlik düzgün təşkil edilərsə, həftəlik prosedur təxminən 10 dəqiqə çəkir. Bununla yanaşı, müəyyən aralıqlarla daha dərin təmizlik aparmaq tövsiyə olunur. Bu zaman unitazın oturacağı çıxarılmalı, boltlar, bərkidici hissələr və əl çatması çətin olan yerlər diqqətlə təmizlənməlidir.
Lester Universitetinin mikrobioloqu Primrouz Fristoun isə bildirib ki, ev sakinlərindən biri yoluxucu xəstəliyə tutulduqda adi təmizlik rejimi dəyişdirilməlidir. Belə hallarda infeksiyanın yayılmasının qarşısını almaq üçün unitazın oturacağı, kasası və su buraxma düyməsi hər istifadədən sonra dezinfeksiya edilməlidir. Ekspertlər sürətli və effektiv təmizlik üçün rezin əlcəklər, təmizlik bezləri, keyfiyyətli təmizləyici vasitə, unitaz fırçası, vedrə və əlçatmaz yerlər üçün köhnə diş fırçası saxlamağı məsləhət görürlər. Mütəxəssislərin xüsusi vurğuladığı qaydalardan biri də unitazın suyunu buraxmazdan əvvəl qapağını bağlamaqdır. Bu sadə vərdiş mikroskopik su damcılarının ətrafa yayılmasını və bakteriyaların tualet otağının digər səthlərinə düşməsini azaltmağa kömək edir.