Kukla teatrında böyüklər üçün “oyun”  – REPLİKA
14 noyabr 2025 11:38 (UTC +04:00)

Kukla teatrında böyüklər üçün “oyun”REPLİKA

0

Deyirlər ki, bizim Bakıdakı Kukla teatrında bir aktrisa var, direktora hədə-qorxu gəlir. Yenə də deyirlər ki, həmin aktrisa o boyda direktora ultimatum verib ki, burda ya sən qalmalısan, ya da ki, rejissor xanımın. Deyənlər haqlıdırsa, qadındakı cəsarətə bax ey? Biz də bunlara inanmaq istəmədik, nə qədər həmin aktrisaya çıxmağa cəhd etdiksə, səs çıxmadı.

Bu hələ harasıdır? Rejissor xanım da deyir ki, daha canım boğazıma yığılıb əlimdəki səs yazılarını və mesajları paylaşacam. Bu anonsdan sonra redaksiyaya gələn zənglərin ardı-arası kəsilmir ki, deyin paylaşsın. Nə deyəsən?

Rejissor xanımın sözlərinə görə, ərindən boşanmasa vəziyyət düzələn deyil. Özü də sevə-sevə ayrılırlar. Yəni bu kuklaların arasında olan söz-söhbət artıq teatrın hüdudlarını aşıb, adamların ailəsinə daxil olub. Hətta ailədən də sosial mediaya düşüb. Bundan sonrası da məlumdur da...

Məsələnin bu tərəfi ilə heç bir işim yoxdur. Mənim nəyimə lazımdır? Şikayətləri var, nazirliyə desinlər, ora baxmırsa məhkəməyə müraciət etsinlər, məhkəmədən də razı olmasalar kassasiya ərizəsi yazsınlar və sair və ilaxır. Ağıllı adamlardı bunları məndən öyrənəcək deyillər ki... Mən sadəcə o teatrdakı kuklalara acıyıram. Bu qədər intriqa olan yerdə o yazıq kuklalar necə məsum qala bilər? Axı onlar məsumluqlarını itirsələr çıxıb səhnədə “Qoğal”ı necə yuvarladacaqlar? “Pişiyin evi”ni necə quracaqlar? “Düyməcik”i canlandıra biləcəklərmi? Bu sadaladıqlarım hazırda kukla teatrında səhnələşdirilən tamaşaların adlarıdır. Sizcə bu qədər intriqa, söz-söhbət, ürəkbulandıran zorbalıq olan yerdə məsumluqdan danışmaq mümkündür? Axı aktyorlar tamaşaçıya bir enerji ötürməlidir, teatrın zalına toplanan o balacalara bu dava-dalaşdan çıxan sənətçilər nə verə bilər? Heç olmasa o uşaqların üzlərindəki məsumluğa baxanda utanmırlar? Biz övladlarımızı kimə əmanət edirik? Bəlkə intriqa elə şiddətləndi ki, o mənfi enerji səhnədən hoppanıb uşaqların üzərinə düşdü. Ən azından bəllidir ki, teatrdakı qara buludlar oranın azyaşlı tamaşaçılarının üzərinə çökür.

Uzaqdan müşahidə etdiklərimizə görə, orada uşaqlardan çox böyüklərin “oyun”ları qurulur. Özü də sənətdən çox-çox uzaq olan oyunlar. Bəlkə teatrın adını dəyişib, İntriqalar Teatrı qoyaq. Onsuz da bu cür çirkli oyunların xeyli tamaşaçısı olacaq, narahat olmasınlar dolanacaqlar. Amma xahiş edirik, uşaqları indidən öz auranızla çirkləndirməyin.

Deməli belə, Kukla teatrının səhnəsində gedən oyunlar nədir ki, pərdənin arxasında baş verənlər, lap kinoluqdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar