Yuxusuzluqdan əziyyət çəkənlərdə insult riski 26 faiz yüksək çıxdı
07 oktyabr 2026 09:23 (UTC +04:00)

Yuxusuzluqdan əziyyət çəkənlərdə insult riski 26 faiz yüksək çıxdı

0

Yuxusuzluqdan əziyyət çəkən insanlarda insult riski 26 faiz yüksəkdir. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Sleep Medicine Reviews” jurnalında dərc olunan icmalda qeyd olunub ki, yuxusuzluğu olan şəxslərdə hər hansı səbəbdən xəstəxanaya yerləşdirilmə riski də 28 faiz yüksək olub.

2023-cü ildə “Neurology” jurnalında yayımlanan başqa bir araşdırmada isə 31 126 yetkin şəxsin məlumatları təhlil edilib. Doqquzillik müşahidə zamanı yuxusuzluq əlamətlərindən şikayət edənlər arasında insult daha çox qeydə alınıb. Bu əlaqə xüsusilə 50 yaşdan aşağı insanlarda nəzərə çarpıb.

Yuxu pozuntusu orqanizmə necə təsir edir?

Nevroloq və yuxu pozuntuları üzrə mütəxəssis Bet Melounun sözlərinə görə, yuxu pozuntuları iltihabi proseslərə, qan laxtalarının yaranmasına və insult riskini artıran digər amillərə təsir göstərə bilər.

Damar cərrahı Kristofer Yi isə bildirib ki, keyfiyyətsiz yuxu zamanı orqanizmdə stress hormonu olan kortizolun ifrazı artır. Bu vəziyyət uzun müddət davam etdikdə qan təzyiqinin yüksəlməsinə və ürək döyüntülərinin sürətlənməsinə şərait yarada bilər.

Həkimin sözlərinə görə, yuxusuzluq maddələr mübadiləsinə də təsir göstərir. Çəki artımı, diabet və yüksək xolesterin ehtimalının yüksəlməsi insult riskini daha da artıra bilər.

Əlaqə göründüyü qədər sadə deyil

Nevroloq və yuxu mütəxəssisi Kristofer Uinter qeyd edib ki, insult riskini artıran bəzi sağlamlıq problemləri eyni zamanda yuxunu da poza bilər. Buna görə yuxusuzluqla insult arasındakı əlaqəni yalnız bir səbəblə izah etmək düzgün deyil.

İcmalda yuxusuzluğun müalicəsinin insult riskini azaldıb-azaltmadığı araşdırılmayıb. Bununla belə, mütəxəssislər davamlı yuxu problemlərini diqqətsiz qoymamağı məsləhət görürlər.

Əvvəlcə yuxusuzluğun səbəbi tapılmalıdır

Uinterin sözlərinə görə, yuxusuzluq həm ayrıca problem, həm də başqa bir pozuntunun əlaməti ola bilər. Yuxuda tənəffüsün dayanması, bəzi dərmanların təsiri, narahatlıq və narahat ayaqlar sindromu yatmağa mane olan səbəblər sırasındadır. Belə hallarda müalicə əsas səbəbə yönəldilir.

Yuxusuzluğun müalicəsində yuxu rejiminin və şəraitinin yaxşılaşdırılması, həkimin uyğun gördüyü dərmanlar və koqnitiv-davranış terapiyası tətbiq olunur. Bu terapiya insanın yuxu ilə bağlı narahat düşüncələrini və vərdişlərini dəyişməsinə kömək edir.

Məsələn, “bu gecə yaxşı yatmasam, sabah bütün günüm pis keçəcək” düşüncəsi gərginliyi artıraraq yuxuya getməyi daha da çətinləşdirə bilər.

Mütəxəssislər bildirirlər ki, gündəlik vərdişləri dəyişdikdən sonra da yuxu problemi davam edirsə, ailə həkiminə və ya yuxu pozuntuları üzrə mütəxəssisə müraciət etmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar