"Qızımızın qırxı çıxan gün, o şəhid oldu" -  ŞƏHİD ƏMANƏTİ
28 iyun 2022 20:15 (UTC +04:00)

"Qızımızın qırxı çıxan gün, o şəhid oldu" - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı 44 günlük Vətən müharibəsi şəhidi Şöhrət Şakir oğlu Qasımov haqqındadır. 

Şöhrət Şakir oğlu Qasımov 16 avqust 1992-ci ildə Gədəbəy rayonunda anadan olub. İlk təhsilini 1998-ci ildə Sumqayıt şəhəri 18 saylı tam orta məktəbdə alan Şöhrət 2009-cu ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirib. Həmin il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olub. 

Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb qısa zamanda tibb xidməti baş leytenantı rütbəsinə yüksəlib.

2018-ci ildə Şöhrət Qasımova baş leytenant rütbəsi verilib. O, tibb xidməti rəisi vəzifəsinə təyin olunub.

Azərbaycan Ordusunun baş leytenantı olan Şöhrət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərərkən  29.09.2020 tarixində Suqovuşanda şəhid olub. 9 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra "Vətən uğrunda", "Vətənə xidmətə görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

İlayda...

Otağın bir tərəfində Şöhrətin həyat yoldaşı Türkanə ilə oturmuşuq. O, astadan keçmiş günlərdən danışır. Onun fikrini o biri otaqdan yuxudan oyanıb ağlayan, qızı İlaydanın səsi dağıdır. Tez-tez çevrilib yan otağa baxır. Ordakı qohumuna deyir, geyindir gətir, qucağımda otursun. Şöhrətin divardan vurulan şəklinə, gülümsəyən simasına baxıram. Gülümsəməsində xoşbəxtlik, məmnunluq, ancaq xəfif nigarançılıq da var. Özlüyümdə düşünürəm, görəsən, o, nə zamansa belə erkən dünyadan köçəcəyini, üstəlik də şəhid olacağını ağlına gətirmişdi? Gətirməmişdisə, niyə belə şən, məmnun gülüşün içərisindən nigarançılıq boylanır? Türkanın evi, indiki həyatı kimi tənha səsi məni fikirdən ayırır:

- Biz 2006-cı ilin bu günündə tanış olmuşuq. Nə zamansa ağlıma gəlməzdi ki, onunla tanış olduğumuz günün ildönümlərinin birində Şöhrətin ölümündən danışacağam...

- Necə tanış olmuşdunuz?

Şöhrət səkkizinci sinfə keçəndə, bizim sinifdə oxuyub. Əvvəllər dost kimi yanaşırdı, amma on birinci sinfə keçəndə, mənə olan hisslərini bildirdi. Sonra biz universitetə daxil olduq. 2013-cü ildən münasibətimiz yarandı. 2015-ci ildə nişanımız odu. Bir il sonra isə toy... 

Bizim aramızda heç kimdə olmayan sevgi olub. Mən hələ də elə bilirəm ki, o, mənimlədi. İndiyə qədər də onun mənə yazdığı məktubları, mesajları saxlayıram. Onun mənə evlənmək təklif etdiyi videonu da saxlamışdım. Təəssüf ki, necə olubsa, silinib, amma şəkillərimiz qalıb. Dörd il ailəli olduq. Qızımızın qırxı çıxan gün, Şöhrət şəhid oldu. Oğlumun isə üç yaşı vardı.

Verilən söz...

- Necə insan idi, yadınızda nələr qalıb?

- O, əlli yaşlı kişilər kimi təmkinli, fərasətli adam idi. Hər işini özü qurub yaratmışdı. Bu günə qədər kimsə deyə bilməz ki, bizim ailəyə maddi, mənəvi hansısa köməklik edib. Hər işini özü qururdu. İşdə də elə idi. O, baş leytenant idi. Briqadanın xidmət rəisi vəzifəsində işləyirdi. O, vəzifəyə yüksəlmək üçün insanlar on, on beş il çalışırlar. Şöhrət üç il ərzində artıq bu vəzifəyə keçdi. Kiçik əsgərindən tutmuş, zabitinə qədər kimsə deyə bilməz ki, Şöhrət bizə pislik edib və yaxud da biz ondan incimişik. O, öz cibindən əsgərlərə siqaret alıb verirdi. Onun işi cəbhə bölgəsindən kənar idi. Müharibə başlananda, döyüşə yollananda da, mən arxayın idim. Düşünürdüm ki, o, həkimdir. Onun vəzifəsi tibb xidmətini təşkil etmək, yaralıları qəbul etmək, diaqnoz qoymaqdan ibarətdir. Həm də o, mənə söz vermişdi. Ermənilərə hədsiz nifrəti vardı. Həmişə mənə deyirdi ki, sənə söz vermişəm, yoxsa, sərhədi keçib, onları qıraram. Ailəcanlı, dostcanlı, mehribanlığı bir tərəfə, amma onun ermənilərə olan nifrəti bir başqa idi. O, Qarabağı görməmişdi, amma çox vətənpərvər idi. Hər il Xocalı faciəsinin ildönümü gələndə, çox əsəbləşirdi. Qanı qaralırdı. 

Türkan söhbət edir, digər otaqda olan qızının səsi isə səngimək bilmir. Qapını açıb qızını onun yanına gətirirlər. Anasının sinəsinə başını qoyan İlayda yavaş-yavaş sakitləşməyə başlayır. Türkan onu şirin sözlərlə ovudur: Ağlama, ana səni axşam parka aparacaq. 

Axtarış...

- Şöhrət necə şəhid olub? 

- Həmin hadisə baş verən gün xəbər gəlib ki, Talış-Suqovuşan istiqamətində yaralı var. Şöhrət və başqa könüllülər ora yollanır. Amma o, getməyə də bilərdi. Onlar hadisə yerinə çatanda, güllə yağış kimi yağırmış. Sonra da erməni tankı ilə üz-üzə gəliblər. Mən bildiyimə görə o tərəfdən də itkilər olub, biz tərəfdən də. Eləcə də Şöhrət şəhid olub. On gün biz onun nəşini tapmadıq. Oktyabrın 8-nə qədər onu hər yerdə axtardıq. Axırda dedilər ki, tanınmayan şəhidlər var. Valideynləri DNK analizi versinlər. Elə də elədik. Üç nəfər tanınmayan şəhid vardı. Biz hər gün allaha dua edirdik ki, onlardan biri çıxmasın.

- Çıxdı?

- Hə, onlardan biri Şöhrət idi. Oktyabrın 9-da biz onu Sumqayıtda dəfn etdik. 

- Son gedişini necə xatırlayırsınız? 

- Ümumi səfərbərlik başlamışdı. Anamgildə idik. Sentyabrın 24-də gəldi bizi götürməyə. Yolboyu qarşısına çıxan qohum, tanışların hamısı ilə sanki vidalaşırdı. Yadıma gəlir, kiminləsə, görüşəndə də dedi ki, başımızın üstündəki bu qara buludlar çəkilsin, mütləq bura istirahətə gələcəm. Sonra mənə dedi ki, təlimlər başlayıb, qorxma, heç nə yoxdu. Uzağı beş-on günə hər şey bitəcək. Sonra 26-da zəng vurdu, biz yaşadığımız şəhərciyin boşaldılacağını, mənim də yır-yığış etməli olduğumu dedi. Mən onda hiss etdim ki, təlim məsələsi deyil, nə isə məsələ ciddidir. Amma əlim gəlmirdi, nə isə eləməyə. Sonra bizi götürməyə taksi ilə gəldi. Yolboyu oğlumuz Murada baxırdı. Bu dünyada Şöhrətin ən çox sevdiyi adam Murad idi. Murada baxdı, baxdı, sonra mənə dedi ki, Türkan, qoy Murad kişi kimi böyüsün. Onun bu sözlərindən elə pis oldum... Dedim, niyə elə deyirsən ki, sən mənə söz ver ki, heç nə olmayacaq. Heç nə demədi. Mən dedim ki, söz verməsən, mən heç yerə getməyəcəm. Dedi, yaxşı, mən özüm sizin arxanızca gələcəm, mənə heç nə olmayacaq. Qorxma. Sonra taksidən düşüb öz maşınına keçəndə, bizimlə sağollaşdı. İlayda onda otuz günlük idi. İlaydanı öpüb qoxladı. Muradı çoxlu öpdü, mənimlə vidalaşdı. Ayın 29-da o, şəhid olur. Axşam gördüm ki, hamı bizə yığışır. Hamı maraqlanırdı. Amma heç kim bilmirdi, mənim atamdan, Şöhrətin atasından başqa. Atama zəng vurdum, açmadı. Sonra həyətə qaçdım, gördüm qayınatam stolda oturub, amma o oturmaq deyildi, sanki çökmüşdü. Məni gördü yanında oturan adama dedi ki, sən de. Sonra özüm internetdə Şöhrətin şəhid olma xəbərini oxudum. Qayınanam da bilmirdi mənim kimi qayınatam ona dedi ki, oğlun gəlir. O, başa düşmədi, dedi hara gəlir. Kişi dedi ki, oğlun şəhid olub gətirirlər. Həmin gün atamgil getdilər hospitala. Mənim halım pis oldu, iynə vurdular yatdım. Necə möhkəm yatmışdımsa, yuxuda gördüm ki, Şöhrət gəlib, mənimlə görüşür. Əlini mənə toxundurdu, sonra da getdi. Yuxudan ayıldım, dedim Şöhrəti gördüm, mən yatmamışdım. O yuxu elə bil real həyat idi. 

“Çıx, qatar yoluna” 

Beləcə onlar sağollaşıb bir-birindən ayrılır. Türkan uşaqlarına sığınıb rayona, Şöhrət isə vətən sevgisi döyünən ürəyi ilə cəbhəyə yollanır. Yolboyu ən çox sevdiyi, daim Türkanla birgə dinlədiyi “Çıx qatar yoluna” adlı musiqini dinləyir. Sonra, bir neçə gündən sonra Şöhrət şəhid olma xəbəri gələndə, dərddən, kədərdən ağlını itirmiş Türkan, sanki yuxudan ayılır və ətrafındakı adamlara deyir: 
Şöhrətin nəşini “Çıx, qatar yoluna” mahnısının müşayiəti ilə gətirsinlər:

- Bilirdim ki, o, mahnı onun ən çox sevdiyi mahnı idi. Maşınında da həmişə qulaq asırdı. Ona görə elə xahiş etdim. İnanırdım ki, onu ruhu şad olacaq.

Gələcək mənim üçün qəribə gəlir. İstəyirəm uşaqlarım tez böyüsün. Onsuz da hamımız öləcəyik. Amma hər ötən gün bilirəm məni ona daha da yaxınlaşdırır. Sadəcə istəyirəm ki, uşaqlarım böyüsünlər, Şöhrətin arzularını yerinə yetirsinlər. Oğlum indi nələrisə anlamağa çalışır. Bir də görürsən, mənə deyir, ana, bu gün yenə sənin başın ağrıdı, həkim gəldi? Bunlar mənim məsuliyyətimi artırır. Düşünürəm ki, onları dünyaya gətirmişəmsə, böyütməyə də borcluyam. Onların mənə ehtiyacı var.   

- Onunla bağlı ən çox nəyi unutmursunuz?

İlayda hələ anadan olmamışdı, mən hamiləliyi rahat keçirmirdim, çox hərəkətə həkimlər icazə vermirdi. İş görmək istəyəndə, məni qoymurdu. Deyirdi, dincəl, biz qocalanda, rayona köçəcəyik, orda ikimiz bir-birimizə qulluq edərik. Sonra bir dəfə də iki fincan alıb gətirdi, dedi, bunu saxla, biz qocalanda, bunda çay içərik. Rayona gedib, Kürün kənarında gəzərik. Həmişə deyirdi ki, Muradı pianoya qoyaq, biz qocalanda, bizim üçün “Alagözlüm” mahnısını ifa edər. İndi fikirləşirəm ki, bizim doğrudan da qocalıq yaşımız gəlib çatacaq, amma mən tək qalacam.


# 9885
avatar

Samirə Əşrəf

Oxşar yazılar