“Azərbaycan birmənalı şəkildə Avrasiyanın ən önəmli siyasi faktorudur” - ŞƏRH
03 avqust 2022 18:13 (UTC +04:00)

“Azərbaycan birmənalı şəkildə Avrasiyanın ən önəmli siyasi faktorudur” - ŞƏRH

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqaməti üzrə

 “Azərbaycanın geostrateji mövqeyi və həyata keçirilən siyasət kursu dövlətimizin nüfuzunun hər gün daha da artmağı ilə nəticələnir. Azərbaycan uğurla dünya birliyinə inteqrasiya olunur. Bu gün hansısa uğurlu regional layihələri Azərbaycan faktoru olmadan nəzərə almaq qeyri-mümkündür. Ölkəmiz dünya üçün əhəmiyyətli, mühüm qlobal siyasi proseslərin əsas aktorlarından biridir”.

Bu fikirləri Lent.az-a şərhində STM-in baş məsləhətçisi, politoloq Tural İsmayılov vurğulayıb.


Ekspert qeyd edib ki, Azərbaycan dəfələrlə dünya əhəmiyyətli proseslərdə həlledici təkliflər irəli sürüb: 
“Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, təbii ki, Avropa İttifaqı ilə tərəfdaşlıqdır. Azərbaycan-Aİ əlaqələrinin hüquqi bazasını 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Amma bu o demək deyil ki, Azərbaycan-Aİ münasibətləri 1999-cu ildən başlayır. Buna qədər Aİ ilə münasibətlər  TACIS, "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" (TRACECA), "Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram" (INOGATE), "Humanitar yardım" (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib. Azərbaycan Aİ-nin təşəbbüskarı olduğu beynəlxalq layihələrdə fəal iştirak edib. ABŞ prezidenti Baydenin son bir ildə ölkə başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubları, ABŞ Dövlət Katibi Entoni Blinkenin Azərbaycan lideri ilə danışıqlarda Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı rolu qabartması bu nüansın nə qədər vacib olduğunu ortaya qoyur”. 
Politoloqun sözlərinə görə, bu gün TANAP və TAP kimi layihələr Qərb üçün həyati əhəmiyyətə malikdir. Azərbaycanla Aİ arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair yeni Anlaşma Memorandumu isə bu münasibətlərin inkişafında mühüm rol oynayacaq. Prezident İlham Əliyev yeni sənədi dəyərləndirərkən dedi ki, enerji sahəsində aparılan fəal əməkdaşlığın 15 ildən artıq tarixi var. Həmsöhbətimiz vurğulayır ki, yeni memorandum da tərəflər arasında imzalanmış birinci sənəd deyil: “Azərbaycan və Aİ arasında 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə "Cənub qaz dəhlizi" ilə bağlı Birgə Bəyannamə imzalanıb. Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan "Cənub qaz dəhlizi" boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır". İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir”. 

Tural İsmayılovun sözlərinə görə,  ölkəmiz həmçinin Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilata uğurla sədrlik edir: “Azərbaycanın təşəbbüsü ilə həm QH-da, həm BMT nəzdində pandemiya dövründə vaksin milliyyətçiliyi kimi ədalətsizliklərə qarşı mövqelər ortaya qoyulub. Azərbaycan Türkiyə kimi önəmli NATO ölkəsi ilə Şuşa Bəyannaməsi, Rusiya ilə isə ötən ilin sonlarında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalandı. Eyni zamanda bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatında vacib mövqelərdən birini tutur. Və ölkəmizin səyləri ilə TDT nəzdində inteqrasiya prosesi daha da genişlənir. Sonuncu dəfə cənab Prezidentin Özbəkistan səfərində Daşkənd Bəyannaməsinin imzalanmağı bu baxımdan tarixi əhəmiyyətə malikdir. Azərbaycan birmənalı şəkildə Avrasiyanın ən önəmli siyasi faktorudur”.

Dünya yeni qütblərin yaranması savaşını verir. Bu gərgin mübarizə özünü tez-tez hibrid müharibələr şəklində büruzə verir. Əriyən, yox olan, sərhədlərini qoruya bilməyən, torpaqlarını itirən dövlətlər və böyük güclərin fonunda balanslı siyasət yürütmək böyük uzaqgörənlik, güclü strategiya tələb edir.

Politoloq Ramiz Alıyev  bu mövzu ilə bağlı Lent.az-a  bildirib ki, bütün dönəmlərdə balans siyasəti yürüdən dövlətlər qalib ölkə hesab edilir. 

“Həm diqqətlərini öz ölkələrinin daxili siyasətinə yönəldərək daha da  inkişaf eləyir, həm də digər xarici ölkələrin hər biri ilə mehriban münasibətini qoruya bilir. Azərbaycan çox mürəkkəb bir coğrafi  regionda yerləşir, burada tərəf olmaq o qədər də uğurlu siyasət deyil, balans siyasəti yürütmək daha məntiqlidir. Ümumilikdə onu qeyd etməliyəm ki, balans siyasəti yürütmək tərəfsiz qalmaq deyil, balans siyasəti hər bir ölkə ilə qarşılıqlı hörmət əsasında əməkdaşlığın qurulması, beynəlxalq hüququn tanıdığı qaydalar əsasında addımlar atmaq və o, qaydalara uyğun atılan addımları dəstəkləmək, sülhün tərəfdarı olmaq, bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaq, dövlətlərin daxili siyasətinə qarışmamaq və s.”

Ekspert qeyd edib ki, beynəlxalq təşkilatlarda sərgilədiyimiz siyasi mövqe bir çox ölkələr tərəfindən nümunə olaraq göstərilir. İstər hökumət nümayəndələrinin, istərsə də  parlamentarilərin  beynəlxalq təşkilatlarda  iştirakı zamanı həyata keçirilən siyasət məhz cənab Prezidentin apardığı siyasətə uyğun olaraq həyata keçirilir balanslaşdırmış, heç bir ölkənin daxili işinə qarışmamaq və sülhü dəstəkləyən siyasət. 

“Bütün bunların nəticəsidir ki, dövlətimizə böyük inam var və bir çox beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə heç bir ölkə etiraz etmir, eyni zamanda bir çox beynəlxalq təşkilatlara sədrliyi də Azərbaycan edir. Bütün bunların əsasında ağıllı siyasət durur!  Biz xoşbəxt xalqıq ki, ölkəmizin rəhbəri cənab İlham Əliyev dünya siyasətini çox yaxşı bilməklə yanaşı, həm də Ulu Öndərimizin siyasətini uğurla davam etdirir”- deyə Ramiz Alıyev vurğulayıb.

 

 

 

Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb

# 2514
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar