"Biz Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik" -  İlham Əliyev
29 aprel 2022 17:32 (UTC +04:00)

"Biz Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik" - İlham Əliyev

"Biz Ukraynanın və digər bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik və bunu açıq şəkildə edirik. Böyük ağacların arxasında gizlənmirik".

Lent.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri var: “Amma bizim Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri isə siyasi üstünlüklərə əsaslanaraq şərh edilməməlidir. Bizə qarşı həmişə bu mövqedən yanaşıblar. Çünki Ukrayna hadisələrindən əvvəl də, beynəlxalq ictimaiyyət tərəfindən həmişə və çox açıq şəkildə Gürcüstanla Moldovanın ərazi bütövlüyünə dəstək ifadə olunurdu. Bizə gələndə isə həmişə mesaj verilirdi ki, gedin sülh yolu ilə razılaşın. Lakin ərazinizi tərk etmək istəməyən təcavüzkarla sülh yolu ilə necə razılaşmaq olar?!

Biz çalışdıq, mən 17 ilə yaxın çalışdım, amma gördük ki, bu, mümkün deyil və gördük ki, biz bunu sülh yolu ilə etmək istədikcə, təcavüzkar daha da təkəbbürlü olur və aqressivləşir. Onlar artıq bizi yeni ərazilər uğrunda yeni müharibə ilə qorxutmağa, “Qarabağ Ermənistandır” deyə fikirlər söyləməyə başladılar. Amma indi nə deyirlər? İndi deyirlər “Qarabağ Azərbaycandır!” 2019-cu ildə “Qarabağ Ermənistandır” deyən adamlar dedi bu sözü. Biz öz əlimizlə, canımızla yeni reallıq yaratdıq. Deməli, biz bunu yaşadıq və hesab edirəm ki, ləyaqət, ərazi bütövlüyü və ədalət hər bir ölkə üçün vacibdir”.

# 2589
avatar

Oxşar yazılar