Çernobbio Forumu: Azərbaycan Avropada yeni bir səhifə açdı
02 sentyabr 2022 19:41 (UTC +04:00)

Çernobbio Forumu: Azərbaycan Avropada yeni bir səhifə açdı

Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda keçirilən Forumdakı çıxışı mühüm məqamlarla yadda qaldı. 
Onun  Avropa məkanı üçün əhəmiyyət kəsb edən mühüm bəyanatları və çıxışları beynəlxalq aləmin də diqqətini cəlb etdi. 

“Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Çünki bizim ölkələrimiz daxilən artıq inteqrasiya edib”. Prezident onu da bildirdi ki, bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var: “Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır. Odur ki, biz vəziyyətə nəzarət edirik. Təbii ki, addımlarımızı öz strategiyamıza uyğun atacağıq. Eyni zamanda, biz dünyanın dəyişməsi faktına əhəmiyyət verməyə bilmərik. Həmçinin beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük. Bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Biz indi bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük. Biz görürük, bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Beləliklə də bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir”. 

Daha bir əhəmiyyətli məqam Azərbaycanın Avropanın enerji təminatçısı və təhlükəsizliyi rolunda yer alması reallığıdır. Bu baxımdan, hələ illər öncə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonrakı çətin dövrlərdə Avropa bazarlarına çıxmağa nail oldu. Prezident İlham Əliyev bununla bağlı münasibətində onu da xatırladıb ki, ilk Avropa bazarı da məhz İtaliya olub. 
“Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni, 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixracat edən ölkəyə çevrildik”, deyə xatırladan dövlətimizin başçısı onu da qeyd edib ki, Azərbaycan artıq uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı kimi tanınmaqdadır. 

Prezident onu da qeyd edib ki, həmin vaxtlar açıq dənizə çıxışı olmayan ölkə kimi Azərbaycanın ixrac kəmərlərinə ehtiyacı var idi: “Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq”. Artıq Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycanın Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür.

 “Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”, deyə Azərbaycan Prezidenti qeyd edib. 

Səfər çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan bu ölkə ilə Azərbaycan arasında yeni bir səhifə açdı. 
Azərbaycan Prezidentinin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda iştirakı isə ayrıca bir hadisə hesab edilə bilər. Hər şeydən öncə ona görə ki, bu beyin mərkəzinin ənənəvi olaraq təşkil etdiyi forumlar daima dünya ictimaiyyətinin diqqət mərkəzində olmaqla Avropanın geosiyasi və geoiqtisadi maraqları daxilində olan prioritet məsələlərin müzakirə edildiyi mötəbər bir platforma hesab edilir. 

Deputat Hikmət Babaoğlunun bildirdiyinə görə, hazırda Avropa özünün şərqində yaşanan müharibə kontekstində həm siyasi birlik, həm iqtisadi-maliyyə münasibətləri, həm də enerji təchizatı və təhlükəsizliyi baxımından olduqca kritik bir mərhəldən keçməkdədir: 

“Belə mürəkkəb şəraitdə Azərbaycan Prezidentinin Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilmiş tribunadan verdiyi ismarıclar təkcə Azərbaycan-İtaliya münasibətlərinin gələcəyi baxımından deyil, bütövlükdə ən böyük ticarət tərəfdaşımız olan Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri baxımından vacib əhəmiyyət kəsb edirdi. “The European House – Ambrosetti” eyni zamanda İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio Forumunda dünya ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər. The European House – Ambrosetti” beyin mərkəzinin Forumuna dəvət Prezident İlham Əliyevin şəxsiyyətinə böyük hörmətin ifadəsidir. Azərbaycan Prezidenti bu mötəbər platformadan Avropanın gələcək enerji təhlükəsizliyi, yaşıl enerji üzrə tərəfdaşlıq , beynəlxalq hüquq və onun tələblərinin yerinə yetirilməsi kontekstində uzunmüddətli və etibarlıq tərəfdaşlığın mümkün olması məsələlərindən danışaraq Azərbaycanın da beynəlxalq münasibətlər sistemində milli dövlət kimi davranışları zamanı milli maraqları və beynəlxalq hüququ əsas tutduğunu bildirdi. Bütün bunlar isə İtaliya və Avropa ölkələri ilə əməkdaşlıqda yeni imkanlar yaradan paradiqmalar kimi qəbul edildi”.

# 3156
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar