Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşü: C6-ya çevrilmiş əməkdaşlıq formatı - ŞƏRH
08 oktyabr 2026 11:42 (UTC +04:00)

Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşü: C6-ya çevrilmiş əməkdaşlıq formatı - ŞƏRH

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfər proqramına Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirak da daxildir.

Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının Məşvərət Görüşü Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqunun və regional əməkdaşlığının inkişafında mühüm rol oynayır.

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü ilk dəfə olaraq 2018-ci ildə Qazaxıstanın Astana şəhərində baş tutub. İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi iclası keçirilib.

2023-cü ildə və 2024-cü ildə müvafiq olaraq keçirilmiş 5-ci və 6-cı Məşvərət Görüşlərində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak və çıxış edib.

16 noyabr 2025-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilmiş 7-ci Məşvərət Görüşündə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycan Respublikasının tamhüquqlu iştirakı haqqında qərar qəbul edilib.

Bu qərar Azərbaycanın region üçün strateji əhəmiyyətini və Mərkəzi Asiya dövlətləri ilə yaxın münasibətlərə malik olduğunu bir daha nümayiş etdirib.

Azərbaycanın prosesə fəal qoşulması nəticəsində indiyə qədər C5 adlanmış əməkdaşlıq formatı faktiki olaraq C6 formatına yüksəlib, regional dialoq və strateji tərəfdaşlıq yeni məzmun və əhatə dairəsi qazanıb.

Məşvərət görüşlərində dövlət başçıları siyasi münasibətlərin inkişafı, Xəzər dənizi hövzəsində əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və enerji layihələrinin həyata keçirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji, iqlim dəyişiklikləri ilə mübarizə, kənd təsərrüfatı, su ehtiyatlarının səmərəli idarə olunması və humanitar əməkdaşlıq kimi məsələləri müzakirə edirlər. Həmçinin, dövlət başçıları arasında ikitərəfli görüşlər keçirilir. Bu görüşlər zamanı yeni sazişlər, memorandumlar və birgə layihələr barədə razılıqlar əldə olunur.

31 iyul 2026-cı ildə Prezident İlham Əliyev Qırğızıstana dövlət səfəri zamanı Çolpon-Ata şəhərində keçirilmiş Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirak edib. Görüşün sonunda dövlət başçıları tərəfindən görüşün yekunlarına dair Çolpon-Ata Bəyannaməsi imzalanıb.

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakının əhəmiyyəti

Azərbaycanın sözügedən platformada tamhüquqlu iştirakının təmin edilməsi ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin institusional səviyyədə yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi olmasa da, Xəzər dənizi vasitəsilə regionla sıx bağlıdır. Tarixi-mədəni əlaqələr, enerji resursları, ticarət və nəqliyyat marşrutları Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında qarşılıqlı əlaqələrin daha da genişlənməsinə əlverişli şərait yaradır.

Azərbaycanın tamhüquqlu iştirakının ən əhəmiyyətli istiqamətlərindən biri siyasi dialoqun genişləndirilməsidir. Dövlət başçıları səviyyəsində mütəmadi əlaqələr Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında mövcud əməkdaşlığın daha sistemli xarakter almasına mühüm töhfə verir. Belə bir format həm ikitərəfli münasibətlərin, həm də çoxtərəfli təşəbbüslərin əlaqələndirilməsi üçün əlavə imkanlar yaradır.

Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Xəzər dənizinin qərb sahilində yerləşməsi və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrində mühüm mövqeyə malik olması səbəbindən Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsində əhəmiyyətli tərəfdaşdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu və Şərq-Qərb nəqliyyat əlaqələri Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında tranzit və logistika əməkdaşlığında mühüm həlqəyə çevirir. Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı bu istiqamətdə regional layihələrin müzakirəsini və əlaqələndirilməsini daha geniş institusional çərçivəyə gətirəcək, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca infrastrukturun əlaqələndirilməsi, logistika prosedurlarının sadələşdirilməsi və yükdaşımaların səmərəliliyinin artırılması ilə bağlı məsələlərin birgə müzakirəsinə imkan verəcək.

Enerji sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm enerji istehsalçısı, həm də enerji nəqli infrastrukturlarının inkişafında iştirak edən ölkə kimi Mərkəzi Asiya dövlətləri ilə enerji sahəsində əməkdaşlığını genişləndirə bilər. Xəzər dənizinin enerji ehtiyatlarının Avropa bazarlarına çatdırılması, elektrik enerjisi və yaşıl enerji layihələri üzrə əməkdaşlıq gələcəkdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin yeni istiqamətlərini formalaşdıracaq.

Bununla yanaşı, Azərbaycanın Məşvərət Görüşündə iştirakı humanitar və mədəni əlaqələrin inkişafı baxımından da əhəmiyyətlidir. Azərbaycan və Mərkəzi Asiya xalqları arasında ortaq tarixi və mədəni irs, dil yaxınlığı və qədim əlaqələr mövcuddur. Təhsil, elm, mədəniyyət, turizm və gənclər siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Eləcə də, bu iştirak regional əməkdaşlığın coğrafiyasının genişlənməsi baxımından diqqətəlayiqdir. Xəzər dənizinin iki sahilində yerləşən dövlətlərin eyni əməkdaşlıq platformasında təmsil olunması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında qarşılıqlı əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır. Bu proses nəqliyyat, ticarət, enerji və digər sahələrdə regionlararası əməkdaşlığın daha da güclənməsini təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar