Qarabağdakı antiterror tədbirləri ilə bağlı növbəti brifinq -  YENİLƏNİB
19 sentyabr 2023 20:59 (UTC +04:00)

Qarabağdakı antiterror tədbirləri ilə bağlı növbəti brifinq - YENİLƏNİB

Müdafiə nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinq keçirir.

Lent.az-ın xəbərinə görə, brifinqdə nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov çıxış edir.

O, düşmən sığınacaqları, texnikaları və digər infrastukturlarının məhv edilməsi barədə ictimaiyyətə geniş məlumat verir.

Anar Eyvazov deyib ki, mülki infrastrukturu və mövqelərimizi artilleriya qurğuları, eləcə də müxtəlif çaplı silahlardan atəşə məruz qoyan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzun müddətli atəş nöqtələri, sursat anbarı, hərbi təyinatlı radiotexkik qovşağı, eləcə də döyüş vasitələri sıradan çıxarılıb.

"Hazırda Azərbaycanın Qarabağ bölgəsində lokal antiterror tədbirləri əməliyyatına cəlb olunan şəxsi həyətin psixoloji vəziyyəti yüksək səviyyədədir, hər bir təminatla təmin olunurlar.

Həmçinin media nümayəndələrini yalnız rəsmi məlumatlara istinad etməyə və rəsmi xəbərləri tirajlamağa çağırırıq", - o vurğulayıb.

***

Anar Eyvazov qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbiri zamanı ordumuz tərəfindən müşayiət edilib ki, Silahlı Qüvvələrimizin hədəflərindən yayınmaq üçün Ermənistan Silahlı Qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli texnika və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib.

"Onlar, eyni zamanda, hərbi təyinatlı obyektlərə mülki şəxsləri də cəlb edirlər" , - o əlavə edib.

***

Mətbuat xidmətinin rəisi  bildirib ki, Azərbaycanın Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.

"Tədbirlər zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.

Bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır. Burada  məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır. Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media hesablarında yaydığımız videolardan da aydın görünür ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir.

Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir.

Məlum olduğu kimi, arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliyə malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifadə edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra obyektin hədəfə alınması dayandırılıb.

Bir daha bildiririk ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədlər üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir.

Qeyd etdiyim faktlarla bağlı ictimaiyyətə mütəmadi olaraq videomateriallar təqdim edilib və bundan sonra da təqdim ediləcəkdir.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq. Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır".
 

# 6456
avatar

Oxşar yazılar