Suriyadan Azərbaycana  8 uşaq və 4 qadın   gətirildi
21 noyabr 2023 18:59 (UTC +04:00)

Suriyadan Azərbaycana 8 uşaq və 4 qadın gətirildi

Suriyadan 8 uşaq və 4 qadın Azərbaycana gətirilib.

Xarici İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Prezidentinin 2023-cü il oktyabrın 28-dəki 2336 nömrəli fərmanı ilə təsdiq edilən “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq noyabrın 21-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 8 nəfəri uşaq və 4 nəfəri qadın olmaqla 12 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası keçirilib.

İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidi təşkil olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Azərbaycana ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Azərbaycanın Türkiyədəki səfirliyi ilə müvafiq əlaqələndirmə işi aparmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. Noyabrın 21-də nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

# 3267
avatar

Oxşar yazılar