Türkiyə-Azərbaycan münasibətləri: Tarixin ən yüksək zirvəsində
26 may 2022 11:14 (UTC +04:00)

Türkiyə-Azərbaycan münasibətləri: Tarixin ən yüksək zirvəsində

Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixinin ən yüksək zirvəsindədir. Heç kimə sirr deyil ki, tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir-birinə yaxın olmayıb Heç kimə sirr deyil ki, vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi. Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın dediyi kimi  “vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. 

İndi Türkiyə tam Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tam realizə olunur. Bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir. 

Azərbaycan Prezidentinin bu günlərdə Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində söylədiyi fikirlər də qardaş ölkələrimiz arasında münasibətlərin dünəninə, bu gününə və gələcəyinə bir baxış kimi dəyərləndirilməlidir. “Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi… İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir… Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq” söyləyən dövlət başçısı, eyni zamanda, bu reallığı da diqqətə çatdırdı ki, qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. 
Bütün bunların təməlində aparılan uğurlu siyasət, Prezident Rəcəb Tayyib Ərdoğanın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir.” 

Azərbaycan və Türkiyə arasında əlaqələrin bu səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır. İki ölkənin dostluğunu, qardaşlığını, müttəfiqliyini bundan sonra daha da möhkəmləndirəcək yeni-yeni sənədlərə imza atılacaq. 
İndi Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və s. ilə bağlı özləri qərar verən,  maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran  güclü dövlətlərdir.

Və nəhayət, "Teknofest" Aviasiya, Kosmos və Texnologiya Festivalı ilk dəfədir ki, Türkiyənin hüdudlarından kənarda keçirilir. Bu ünvanın məhz Azərbaycan seçilməsi xalqlarımız arasında dostluğun, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin yeni və daha yüksək mərhələyə adlamasını təsdiqləyir. Və festivalın keçiriləcəyi bu günlərdə, dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edəcək.
 

# 1869
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar