400-500 idmançının imtahansız universitetə qəbul olması nə qədər realdır? – Ekspertdən CAVAB 
14 mart 2023 16:02 (UTC +04:00)

400-500 idmançının imtahansız universitetə qəbul olması nə qədər realdır? – Ekspertdən CAVAB 

Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı bildirib ki, il ərzində təxminən 400-500 istedadlı idmançının universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər. 

Maraqlıdır, görəsən, bu qərar nə dərəcədə obyektivdir?

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Lent.az-a açıqlamasında bildirib ki, ali məktəblərə müsabiqədənkənar qəbul qaydaları nəzərdən keçirilməlidir. 

Onun sözlərinə görə, burada beynəlxalq, həmçinin Respublika yarışlarında ilk yeri tutanlar nəzərə alına bilər:

“Təbii ki, müvafiq amillər nəzərə alınaraq bu qərarın verilməsi mümkün ola bilər. Lakin həm beynəlxalq, həm də respublika yarışlarında birinci və ikinci yeri tutan idmançıların sayı o qədər deyil. Düşünürəm ki, bu qərarda yalnız müxtəlif illərdə birinci yer tutan şəxslərin qəbulu nəzərdə tutulur. Amma bir il ərzində beynəlxalq və yaxud da respublika yarışlarında 400-500 idmançının birinci və ya ikinci yeri tutması təbii ki, “utopik” səslənir. Hazırda ölkədə idman sahəsində dövlət tərəfindən kifayət qədər dəstək var. Əlbəttə ki, il ərzində bu qədər idmançını yetişdirmək mümkündür. Sual doğuran məqam odur ki, görəsən bu qədər idmançı il ərzində birinci yeri tuturmu? Əlbəttə ki, bu müəmmalıdır. 400-500 nəfərin birinci, ikinci yerə çıxması mümkün deyil. Onu da qeyd edim ki, təkcə idman sahəsində deyil, həmçinin fənn olimpiadalarının qalibləri də müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunur”.

# 3168
avatar

Arzu Qurbanlı

Oxşar yazılar