Azərbaycanda velosiped niyə nəqliyyat vasitəsi ola bilmir? - AÇIQLAMA
03 iyun 2023 18:54 (UTC +04:00)

Azərbaycanda velosiped niyə nəqliyyat vasitəsi ola bilmir? - AÇIQLAMA

Bu gün beynəlxalq velosiped günüdür.

Lent.az xəbər verir ki, əksər ölkələrdə xüsusən, Hollandiyada velosipedlər nəqliyyat vasitəsi kimi geniş istifadə olunur. Hollandiya əhalisinin 99.1 faizi bu nəqliyyat növündən istifadə edir. Ətraf mühit və insan sağlamlığı üçün təhlükəsizdir, zəhərli qazlarla atmosferə zərər vermir və küçələrdə səs-küy yaratmır. Əhalinin velosipedlərdən çox istifadə etməsi yol qəzalarının başvermə ehtimalını azaldır. Statistikalara görə, yol-nəqliyyat hadisələri ildə 90 min insanın ölümünə səbəb olur. Təxminən 70 milyon insan isə avtomobillərin yaratdığı səs-küydən əziyyət çəkir. 

Ətraf mühit və insan sağlamlığı üçün təhlükəsiz olan velosipeddən istifadə zamanı qaydalara riayət etməyiniz vacibdir!

Ancaq ölkəmizdə təəssüflər olsun ki, adı çəkilən nəqliyyat vasitəsindən istifadə çox zəifdir. Yalnız qəsəbədaxili yerlərdə sakinlər yaxın məsafə üçün velosipeddən istifadə edirlər. Velosipedlərdən istifadənin geniş xarakter almaması və onların şəhərdaxili nəqliyyat vasitəsi kimi niyə istifadə olunmamasının səbəblərini Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a açıqlayıb.

Onun sözlərinə görə, əsas səbəb Bakıda təəssüf ki, bunun üçün infrastrukturun olmamasıdır:

“Hamımız arzulayırıq ki, əhalinin sıx yaşadığı Bakı şəhərində velosipeddən istifadə edənlərin sayı artsın. Velosipedlər təkcə əyləncə vasitəsi deyil, daha çox nəqliyyat vasitəsi kimi istifadə olunsun. Ancaq bilirik ki, bunun üçün infrastruktura ehtiyac var. Apardığımız sorğular, danışıqlar nəticəsində sakinlərin də velosipedlərdən nəqliyyat vasitəsi kimi intensiv istifadə etmək istəməsinin şahidi olmuşuq. Həmçinin velosiped sürənlərə və sürmək istəyənlərə də təhlükəsizliklə bağlı daim maarifləndirici məlumatlar vermişik. Ekologiyanın təmizliyi və tıxacların aradan qalxması baxımdan ciddi önəmi olan velosipedlərdən istifadə üçün infrastruktur çatışmazlığı var. Hesab edirik ki, gələcəkdə yeni salınan şəhərlərdə velosiped üçün infrastrukturun da nəzərə alınması müsbət töhfəsini verəcək.

Sonda velosiped həvəskarlarını bu gün münasibətilə təbrik edirəm. Onlara təşəkkür edirik ki, bu ənənəni ölkəmizdə yaşadırlar. Həmçinin onlardan xahiş edirik ki, bu nəqliyyat növündən istifadə zamanı təhlükəsizlik tədbirlərinə ciddi riayət etsinlər. Xüsusən, yay mövsümü ilə əlaqədar uşaqlar velosipedlərdən istifadəsi daha da artır. Bunu nəzərə alaraq, valideynlərə tövsiyə edirik ki, övladlarının təhlükəsizliyi baxımdan onlara nəzarəti gücləndirsinlər”.

# 1788
avatar

Mehman Nəbiyev

Oxşar yazılar