Bakı küçələrinin tanımadığımız qəhrəmanları – Onlar kimdir? 
22 noyabr 2022 17:00 (UTC +04:00)

Bakı küçələrinin tanımadığımız qəhrəmanları – Onlar kimdir? 

Hər gün keçdiyiniz küçələrin kimlərin adlarını daşıdığını bilirsiniz? 

Doğma küçələrimizin yad adları çox vaxt diqqətimizi çəkir. Kim olub bu insanlar?

İnsanın ağlına gələn ilk budur ki, əgər bir küçəyə onun adı verilibsə, deməli xalq qarşısında hansısa xidməti var. 

Bəs biz onları niyə tanımırıq? 

Lent.az elə burdan yola çıxaraq “Bakı küçələrinin tanımadığımız adları” adlı rubrikasında sizə paytaxtın küçə və prospektlərinə verilən adların tarixindən danışacaq.

Rubrikamızın ilk yazısı paytaxtın iki prospektini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsi ilə bağlı olacaq.

Adı hallanan küçəmiz Bakının Xətai rayonu ərazisində yerləşir. Nəcəfqulu Rəfiyev Bakının iki əsas: 8 Noyabr və Babək prospektlərini birləşdirir. 

Bəs, adı hallanan Nəcəfqulu Rəfiyev kimdir?

Arayış: 

Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev 1915-ci il martın 22-də Naxçıvanın Ordubad şəhərində anadan olub. O, 1935-ci ildə Sovet Ordusuna çağırılır və 2 il sonra, 1937-ci ildə ali hərbi məktəbdə təhsil almağa başlayır. 

1941-ci ildə Hitler Almaniyası SSRİ-yə hücum edir. Bu zaman azərbaycanlılar da faşistlərə qarşı mübarizəyə başlayır. Onlardan bəziləri hətta Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Elə qəhrəmanlardan biri də Nəcəfqulu Rəfiyevdir. Müharibənin başlandığı ilk günlərdən cəbhəyə yollanan qəhrəman sonacan döyüşüb. O, 1944-cü ildə Minsk uğrunda gedən döyüşlərdə xüsusi şücaəti ilə seçilir. Hətta Minsk yaxınlığındakı Baronoviçi şəhərinə birinci onun tankı daxil olur. Bu döyüşün nəticəsində 1944-ci ilin sentyabrın 9-da ona Sovet İttifaqı Qəhrəmanı adı verilir. 

Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq edən Rəfiyev 1955-1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, sonra Culfa rayon hərbi komissarı işləyir. Və 1959-cu ildə ordudan tərxis olunur. Bundan sonra, Azərbaycan SSRİ avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirib.

Hələ sağlığında adı əbədiləşdirilən Rəfiyev 1970-ci ilin dekabrın 24-də həyatını itirir. Dünyanın işıqlı üzü ilə 55 yaşında vidalaşan qəhrəman Fəxri Xiyabanda dəfn olunub. 

Hazırda həm Minskdə, həm Ordubad və Bakıda adına küçələr, Ordubad şəhərində büstü də qoyulub. Bundan başqa, bir zamanlar onun adını daşıyan Ordubadda zavod, Babək rayonunda sovxoz, texnikum fəaliyyət göstərib. Burada əsas məqam Belarusun Azərbaycandakı səfirliyinin binasının da həmin N.Rəfiyev küçəsində yerləşməsidir. 

Azərbaycan Respublikasında N.Rəfiyevin adına futbol yarışları keçirilir.

Bu da belə... Əgər yolunuz bu küçədən düşərsə, qəhrəmanımızı siz də xatırlayın.
 

# 19890
avatar

Fidan İlqar

Oxşar yazılar