Bakıda kirayə bazarında indiyədək görülməmiş QİYMƏT ARTIMI  – Fürsətçilər iş başında 
04 sentyabr 2023 14:51 (UTC +04:00)

Bakıda kirayə bazarında indiyədək görülməmiş QİYMƏT ARTIMI – Fürsətçilər iş başında 

Bir neçə gündən sonra yeni dərs ili başlayır. Bu səbəbdən bölgələrdən Bakıdakı universitetlərə qəbul olunan tələbələrin günü-gündən paytaxta axını müşahidə olunur. Əsas məsələ isə onların çoxu Bakıya gəldikdə ilk işləri kirayə ev axtarmaq olur.

Lakin hər il tədris ilinin başlanmasına az qalmış Bakıda tələbənin və onun ailəsinin büdcəsinə münasib qiymətə kirayə ev tapması çətinləşir. Çünki mövsümlə əlaqəli olaraq kirayə mənzil bazarında qiymətlər qalxır. 

Bəs, hazırda kirayə mənzil bazarında vəziyyət necədir?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov bildirib ki, bu il paytaxtda indiyədək görülməmiş qiymət artımı müşahidə edilir:

“Kirayə mənzil bazarında indiyədək görünməmiş qiymət artımı qeydə alınır. Hazırda Azərbaycanda təkrar kirayə mənzil bazarında mənzil çatışmazlığı görülür. Baxmayaraq ki, hələ tələbələrin cəmi 30 faizi mənzilə təmin edilib. Bununla belə mənzil bazarında kirayə mənzillərin qiymətləri günü-gündən qaldırılır. Tələbat artıq olduğu üçün bəzi fürsətçilər və işbazlar bu qiymətlərin artırılmasını davam etdirir. Bir tərəfdən Ukrayna və Rusiya arasında gedən müharibədən Azərbaycana pənah gətirmiş Ukrayna vətəndaşları, digər tərəfdən Rusiyada müharibəyə getmək istəməyən Rusiya vətəndaşları Azərbaycana gəlir və kirayə evlər tutur. Bu da öz növbəsində təkrar kirayə bazarına təsirsiz ötüşmür və mənzil qiymətləri qalxır”.

Ekspertin sözlərinə görə, mənzil qiymətlərinə təsir edən bir digər səbəb kimi də Bakı şəhərinin mərkəzində tikilən yeni pilot evlərdir:

“Belə ki, bu evlər tikildiyi zaman şirkət həmin evlərdə yaşayan sakinləri binanın tikilib təhvil verilənə qədər kirayə evlərə köçürürlər. Bu da ən azı 3 il bir sakinin eyni mənzildə kirayə yaşaması deməkdir. Digər tərəfdən həmin mənzillər dolu olduğu üçün təkrar kirayə mənzil bazarına çıxmırlar. Belə olan halda kirayə mənzil bazarında mənzil azlığı yaranır və bu da öz növbəsində qiymət artımı ilə nəticələnir. 

Əgər hazır ki vəziyyətə nəzər salsaq, indi kirayə mənzil bazarında tələbələrin yeni dərs ilinin başlanması ilə əlaqədar mənzil  tapmaq üçün hər gün yüzlərlə kirayə mənzil bazarına müraciət edir. Bu da bəzi işbazların işinə yarayır. Çünki o işbaz mənzil bazarındakı mənzil çatışmazlığını bir fürsətə çevirərək əslində dəyəri ondan qat-qat az olan mənzilə süni qiymət artımı etməklə bazara çıxarır. Çünki o yaxşı bilir ki, mənzil tapmaqda çətinlik çəkən tələbələr sonunda ona əlacsız qalıb həmin pulu verəcək. Bir sözlə, hazırkı kirayə mənzil bazarına nəzər saldıqda keçən illə müqayisədə qiymətlərin 30 faizə qədər qalxmasını müşahidə edirik”. 

A.Nəsirov bu artımın oktyabrın sonlarına kimi davam edəcəyini vurğulayıb:

“Mən bir mütəxəssis kimi deyə bilərəm ki, bu artım oktyabr ayının sonlarınadək davam edəcək . Hazırki müşahidəmizdən belə demək olar ki, tələbələrin cəmi 30 faizi kirayə evlə təmin edilib, qalan 70 faizi hələ kirayə mənzil bazarına daxil olmayıb.  Bu kimi nüansları gözdən keçirəndə bizi belə deməyə əsas verir ki, tələbələr üçün kirayə mənzil tapmaq heç asan olmayacaq. Bu il daha çox qiyməti 800 manata qədər olan mənzillərdə müşahidə olunur. Qiyməti 800 manatdan yuxarı olan mənzillərdə elə də çox qiymət artımı olmayıb. Ümumi kirayə mənzil bazarında qiymət artımının səbəbini araşdırsaq,  görərik ki, bunun əsas səbəbi kimi təkrar mənzil bazarına bu il daha az kirayə mənzilin çıxmasıdır”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5955
avatar

Fidan İlqar

Oxşar yazılar